“Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışı Azərbaycanda aviasiya təliminin dünya tələbləri səviyyəsində inkişaf etdiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan sıfırdan özünün aviasiya məktəbini yaratdı və onun kadr hazırlığını ən yüksək səviyyədə həyata keçirdi:
“Bu gün Azərbaycan milli aviasiyası yalnız özümüzün hazırladığımız milli kadrlar tərəfindən təmin olunur.
Hər ölkə buna asanlıqla nail ola bilmir. Eyni zamanda milli kadrlarımız xarici aviasiya şirkətlərində də uğurla çalışırlar. Dövlətimizin, cənab Prezidentin Azərbaycanda aviasiyanın inkişafına diqqəti son dərəcə böyükdür. Milli Aviasiya Akademiyasının maddi-texniki bazasının qurulması, eləcə də Beynəlxalq Təlim Mərkəzinin açılışı bu diqqətin bariz nümunəsidir. Akademiyada yüksək peşəkarlığa malik professor-müəllim heyəti formalaşıb. Artıq öz təlim mərkəzlərimizdə yüksək səviyyədə pilotlar, eyni zamanda təyyarələrə xidmət göstərən mütəxəssislər hazırlamaq mümkündür.
Bu, onu göstərir ki, Azərbaycan öz dövlətçiliyində cəmiyyətin müxtəlif sahələrinin inkişafını daim diqqətdə saxlayır. Bu gün Azərbaycan hava daşımalarında və sərnişinlərə xidmət sahəsində ən yaxşı göstəricilərə malikdir. Bütün bunlar ölkəmizin və cənab Prezidentin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Zərurət yarandıqda müvafiq vəsaitlərin ayrılması, eyni zamanda sahə inkişaf etdikcə onun dövlət büdcəsinə böyük gəlirlər gətirməsi ilə müşayiət olunur”.