Universitetlərə qəbul imtahanında keçid balları aşağı düşəcək? - EKSPERT AÇIQLADI

10 Aprel 2026 13:20 (UTC+04:00)

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanında keçid ballarının necə dəyişəcəyi abituriyentlər arasında maraq doğurur. Ekspertlər xüsusilə 3-cü və 4-cü qruplarda riyaziyyat fənninin çətinliyinin ballara təsir göstərə biləcəyini bildirirlər. Əgər suallar əvvəlki illərlə müqayisədə daha çətin olarsa, keçid ballarının düşəcəyi ehtimalı yüksəkdir. Bəs, həqiqətən də bu il keçid ballarının aşağı düşməsi nə qədər real görünür? Hansı qruplarda balların daha çox enməsi ehtimalı var?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarından sonra artıq cəmiyyət üçün bir anons siqnalı gəlir ki, növbəti mərhələlər üçün, yəni blok imtahanlarından sonra abituriyentlərin bal göstəriciləri ya aşağı düşəcək, ya da yuxarı qalxacaq:

"Ümumi mənzərə budur ki, buraxılış imtahanlarından sonrakı müzakirələr göstərir ki, ümumi bal göstəriciləri ötən illərlə müqayisədə 25-50 bala qədər aşağı düşə bilər. Bu isə blok imtahanlarının nəticələrindən sonra, daha doğrusu buraxılış imtahanlarının yekun nəticələri açıqlanandan sonra daha aydın görünəcək. Burada bir məsələ də var ki, buraxılış imtahanlarının nəticələrindən sonra, adətən, blok imtahanlarında əvvəlcədən tərtib olunmuş suallar istifadə olunur. Bunun səbəbi odur ki, test bankı bu sualları əvvəlcədən hazırlayıb təqdim edir. Bəzən belə düşünülür ki, buraxılış imtahanlarının biri digərlərindən fərqli ola bilər. Çünki ilk imtahandan sonra ciddi iradlar səslənir və növbəti imtahan bir qədər yumşaldıla bilər. Təəssüf ki, mən illər ərzində belə bir hala rast gəlməmişəm. Çünki tətbiq olunan nəticə, yəni test imtahanları ümumi nəticəyə birbaşa təsir edir. Həmin ümumi nəticədən formalaşan ballar da qəbul balları ilə birbaşa əlaqəlidir. Məsələn, bu il üçün proqnozlaşdırılır ki, yüksək nəticə göstərən abituriyentlərin sayı buraxılış imtahanlarında çox olmayacaq".