“Tbilisidə cənab İlham Əliyevin verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində formalaşıb və bu əməkdaşlıq regionun gələcəyini müəyyən edən əsas amillərdən biridir”.
Bu sözləri SİA-ya açıqlamasında milli məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.
Onun sözlərinə görə, dövlət başçımızın çıxışında səsləndirilən fikirlər iki ölkə arasındakı etimad mühitinin, qarşılıqlı dəstəyin və ortaq maraqlara əsaslanan siyasətin açıq ifadəsidir:
“Əsrlərə söykənən dostluq münasibətlərinin bu gün müasir siyasi və iqtisadi müstəvidə daha da möhkəmlənməsi sabitlik və inkişaf deməkdir.
Dövlət başçımız Cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Gürcüstan yalnız qonşu deyil, həm də bir-birinin etibarlı tərəfdaşıdır. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, ərazi bütövlüyü və suverenlik məsələlərində nümayiş etdirilən prinsipial mövqe bu münasibətlərin ən mühüm sütunlarındandır.
İqtisadi əməkdaşlığın miqyası və dinamikası xüsusi diqqət çəkir. Ticarət dövriyyəsinin artması, Azərbaycan sərmayələrinin Gürcüstan iqtisadiyyatında mühüm yer tutması və yeni birgə layihələrin gündəmə gəlməsi tərəfdaşlığın praktik nəticələrini ortaya qoyur. Azərbaycan və Gürcüstanın əməkdaşlığı bütövlükdə regionun iqtisadi dinamizmini formalaşdıran mühüm amilə çevrilib.
Enerji və nəqliyyat layihələri Azərbaycan-Gürcüstan əməkdaşlığının strateji mahiyyətini daha da gücləndirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi təşəbbüslər iqtisadi və geosiyasi baxımdan regionun əhəmiyyətini artırır və Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi ön plana çıxarır.
Möhtərəm Cənab Prezident İlham Əliyevin çıxışında Cənubi Qafqazda yaranan yeni reallıqların önə çəkilməsi uzaqgörən siyasətin təzahürüdür. Bu gün regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün real imkanlar mövcuddur və Azərbaycan bu prosesin aparıcı qüvvələrindən biridir. Gürcüstanın da bu istiqamətdə oynadığı rol danılmazdır.
Ölkə başçımızın həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət nəticəsində ölkəmiz regionda sabitlik, əməkdaşlıq və inkişafın təşəbbüskarı kimi çıxış edir.
Azərbaycan və Gürcüstan arasında qurulan münasibətlər modeli qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan uğurlu əməkdaşlıq nümunəsidir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan strateji kurs Azərbaycan-Gürcüstan münasibətlərini daha da dərinləşdirəcək və regionda uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcək”.