Cinayət Məcəlləsinə “Terror təşkilatı yaratma və fəaliyyətində iştirak” ilə bağlı yeni 214-4-cü maddə əlavə edilib

10 Aprel 2026 12:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub.

SİA xəbər verir ki, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 20-ci bəndlərinə uyğun olaraq Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilir və bir sıra maddələrdə dəqiqləşdirmələr aparılır.

Dəyişikliklərə əsasən, Məcəlləyə 214-4-cü yeni maddə əlavə olunub. Həmin maddə “Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etmə” halları ilə bağlı məsuliyyəti müəyyən edir.

Yeni maddəyə görə, terror təşkilatının yaradılması və ya ona rəhbərlik edilməsi 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Terror təşkilatında iştirak və ya üzvlük isə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə nəzərdə tutulur. Eyni zamanda, müəyyən hallarda hüquq-mühafizə orqanlarına vaxtında məlumat verən və cinayətin qarşısının alınmasına kömək edən şəxslərin cinayət məsuliyyətindən azad olunması da qanunda öz əksini tapır.

Dəyişikliklər çərçivəsində 282-ci maddə də yenilənib. Yeni redaksiyaya əsasən, ölkənin müdafiə qabiliyyətinə, iqtisadi təhlükəsizliyinə və kritik infrastrukturuna qarşı yönələn təxribat xarakterli əməllərin, o cümlədən partlayış, yanğın, kütləvi zəhərləmə, yoluxucu xəstəliklərin yayılması və bu kimi digər hərəkətlərin, eləcə də süni intellekt və xüsusi proqram təminatlarından istifadə etməklə törədilən halların məsuliyyəti daha dəqiq şəkildə müəyyən edilir.

Həmçinin, bu maddə üzrə ağırlaşdırıcı hallar – mütəşəkkil dəstə tərəfindən törədilmə, fövqəladə vəziyyət zamanı həyata keçirilmə və ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma kimi hallar da sərtləşdirilib.

Bundan başqa, “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna edilən dəyişikliklərlə 214-4-cü maddəyə uyğunlaşdırma aparılıb və hüquqi mexanizmlər genişləndirilib.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.