Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub.
SİA xəbər verir ki, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq Əmək Məcəlləsində bir sıra mühüm dəyişikliklər edilib.
Dəyişikliklərə görə, 12-ci maddədə terminoloji dəqiqləşdirmə aparılaraq “qanunvericiliklə” ifadəsi “qanunla” ilə əvəz olunub, “müvafiq” sözü isə çıxarılıb.
Eyni zamanda 48-ci maddəyə yeni hissələr əlavə edilərək, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələrə qəbul zamanı dövlət narkoloji tibb müəssisəsinin verdiyi tibbi rəyin təqdim edilməsi məcburi xarakter alıb. Belə rəy olmadan həmin vəzifələrə işə qəbul qadağan edilir.
74-cü maddəyə edilən əlavələrə əsasən, tibbi rəy əsasında narkoloji xəstə olduğu müəyyən edilən şəxslərlə əmək müqaviləsinə xitam verilməsi halları genişləndirilir. Həmçinin ağır, zərərli və təhlükəli iş yerlərində, eləcə də səhiyyə, qida sənayesi, ictimai iaşə və ticarət sahələrində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslərin işləməsinə icazə verilməyəcək.
Digər dəyişikliklərlə işəgötürənlərin əməkdaşları ilkin və vaxtaşırı tibbi müayinədən keçirməsi öhdəliyi də konkretləşdirilir. Şübhə yarandığı hallarda isə işçinin dərhal tibbi yoxlamadan keçirilməsi işəgötürənin hesabına təmin olunacaq.
Bundan başqa, “Narkoloji xidmət və nəzarət haqqında” Qanuna edilən dəyişikliklərlə əmək funksiyasını yerinə yetirərkən psixotrop maddələrin təsiri altında olmasına əsaslı şübhə yaranan şəxslərin dərhal tibbi müayinədən keçirilməsi nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.