“Azərbaycan Respublikası Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər mütərəqqidir və mən onları dəstəkləyirəm. Bununla yanaşı, müzakirə olunan təkliflərlə bağlı bir sıra əlavə təkliflərimi də təqdim etmək istərdim”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov plenar iclasda çıxışı zamanı deyib.
Deputat bildirib ki, Məcəllənin 308-1-ci maddəsinə edilən dəyişikliklər dövlət vəsaitinin təyinatından kənar istifadəsinə görə yeni yanaşma gətirir: “Təkliflərə əsasən, dövlət vəsaiti təyinatı üzrə istifadə edilmədikdə cinayət predmetinin dəyərinin 100 faizi həcmində cərimə və azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bu, mövcud 9–13 min manatlıq cərimə mexanizminin dəyişdirilərək faiz əsaslı sistemə keçidini ifadə edir”.
Vüqar Bayramov qeyd edib ki, bu yanaşma ilə bağlı müəyyən dəqiqləşdirmələrə ehtiyac var: “Təklif edirəm ki, maddədə minimum cərimə həddi də müəyyən edilsin. Yəni minimum əmək haqqının müəyyən mislindən az olmamaq şərti ilə cərimə tətbiq olunsun. Bu, dövlət vəsaitinin yayındırılması hallarına qarşı daha sərt və çevik mexanizm formalaşdırar”.
Deputat əlavə edib ki, konkret rəqəmlərin müəyyənləşdirilməsi qanunverici təşəbbüs irəli sürən qurum tərəfindən tənzimlənə bilər.
O, həmçinin 308-1-2-ci maddə ilə bağlı təkliflərə də toxunub: “İlk dəfə cinayət törədən şəxsin dəymiş ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azad olunması nəzərdə tutulur. Lakin beynəlxalq təcrübədə bu yanaşma əsasən kiçik məbləğli cinayətlərə şamil edilir”.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda “xeyli miqdarda” ziyan 50–250 min manat, “külli miqdarda” ziyan isə 250 min manatdan yuxarı məbləğlərlə müəyyən edilir: “Bu baxımdan, məsuliyyətdən azad etmə mexanizminin böyük məbləğli vəsaitlərin yayındırılması hallarına şamil olunmaması məqsədəuyğun olar”.
Sonda deputat bildirib ki, dəyişikliklər daha dəqiq hüquqi mexanizmlərlə təkmilləşdirilə bilər.