Milli Məclis gender əsaslı əməkhaqqı fərqinə qarşı dəyişiklikləri qəbul edib

10 Aprel 2026 11:18 (UTC+04:00)

Milli Məclis əməkhaqqı sahəsində cinsə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş qanunvericilik dəyişikliklərini birinci oxunuşda qəbul edib.

SİA xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, işəgötürənlər eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməlidirlər. Təklif olunan dəyişikliklərə görə, artıq yalnız eyni və ya oxşar işlər deyil, həm də bərabər dəyərli işlər üçün bərabər əməkhaqqı prinsipi tətbiq ediləcək.

Sənəddə qeyd olunur ki, işin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş meyarlar əsasında işəgötürən tərəfindən müəyyən ediləcək.

Vurğulanıb ki, bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatı-nın 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyası-na uyğun olaraq hazırlanıb. Məqsəd kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının tam təmin edilməsidir.

Layihədə həmçinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna dəyişikliklər də nəzərdə tutulur. Yeni redaksiyaya əsasən, eyni iş yerində çalışan, eyni ixtisas dərəcəsinə malik, eyni iş şəraitində fəaliyyət göstərən və eyni dəyərli işi yerinə yetirən şəxslərə əməkhaqqı, mükafatlar və digər maddi ödənişlər bərabər şəkildə verilməlidir.

Qeyd edək ki, mövcud qanunvericilikdə bu prinsip daha dar çərçivədə – yalnız eyni və ya oxşar işlərə münasibətdə tətbiq olunurdu. Yeni dəyişikliklər isə anlayışı genişləndirərək bərabər dəyərli müxtəlif işləri də əhatə edir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.