Təhsil sistemində həyata keçirilən islahatlar təkcə qurumların strukturunda deyil, eyni zamanda mövcud yanaşmaların və qiymətləndirmə meyarlarının məzmununda da əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Bu dəyişikliklər sistemin keyfiyyətcə yenilənməsi və daha obyektiv qiymətləndirmə mexanizminin formalaşdırılması ilə nəticələnmişdir.
SİA xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransında deyib.
Belə ki, buraxılış imtahanlarında xarici dil fənninin məcburi fənn kimi tətbiqi, açıq tipli sualların imtahan prosesinə daxil edilməsi, eləcə də abituriyentlərə imtahan vermək üçün bir deyil, iki imtahan şansının yaradılması bu islahatların konkret və praktik təzahürləri kimi çıxış edir.
Eyni zamanda vurğulanmalıdır ki, təhsil sahəsində aparılan dəyişikliklərin nəticələri dərhal müşahidə oluna bilən proseslər deyil və onların effektivliyinin qiymətləndirilməsi üçün müəyyən zaman intervalı tələb olunur. Buna baxmayaraq, artıq bəzi istiqamətlər üzrə müsbət dinamika müşahidə edilməkdədir.
Xüsusilə xarici dil imtahanlarının tətbiqindən sonra bu sahədə nəzərəçarpacaq irəliləyişlərin əldə olunduğu qeyd edilir. Bu tendensiya son illərdə, xüsusilə 2022–2023-cü illər ərzində daha aydın şəkildə müşahidə olunmuş və müvafiq qurumlar tərəfindən ictimaiyyətə mütəmadi olaraq təqdim edilmişdir.
Digər mühüm yenilik kimi informatika fənninin qəbul imtahanlarına daxil edilməsidir. Son dövrlər bu fənnə olan marağın artması, tədris prosesində müəllimlərin bilik və bacarıqlarının inkişafı, həmçinin ümumi tədris keyfiyyətində müşahidə olunan müsbət dəyişikliklər bu addımın sistemə təsirini göstərən əsas göstəricilər sırasındadır.
Sadalanan faktlar aparılan islahatların təhsil sistemində keyfiyyət dəyişikliklərinə səbəb olduğunu və daha effektiv qiymətləndirmə modelinin formalaşmasına xidmət etdiyini deməyə əsas verir.