Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə 10 aprel 2026-cı il tarixində “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
SİA xəbər verir ki, konfransın əsas məqsədi təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində əldə olunmuş nailiyyətlərin və təcrübənin paylaşılması, eyni zamanda müvafiq istiqamətlər üzrə aktual məsələlərin müzakirəsidir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər naziri Ceyhun Bayramov, digər dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, eləcə də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın prezidenti M. Rakometsi və Türkiyə, Qazaxıstan, Özbəkistan kimi ölkələrin müvafiq qurumlarının rəhbər şəxsləri iştirak edir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Dövlət İmtahan Mərkəzinin fəaliyyəti və tarixi ilə bağlı video çarx nümayiş etdirilib.