Putin Ukrayna ilə atəşkəs elan etdi - TƏCİLİ

9 Aprel 2026 23:33 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsində pasxa atəşkəsi elan edib. SİA xəbər verir ki, atəşkəs 11 aprel saat 16:00-dan 12 aprel gününün sonunadək qüvvədə olacaq.

Kremlin açıqlamasında bildirilir ki, qərar pravoslav Pasxa bayramı ilə əlaqədar qəbul olunub. Eyni zamanda, Moskva Ukraynanın da bu addıma qoşulacağını gözlədiyini vurğulayıb.

Rəsmi məlumata əsasən, Rusiya Müdafiə Nazirliyinə və Baş Qərargaha bu müddətdə bütün istiqamətlərdə döyüş əməliyyatlarını dayandırmaq tapşırılıb. Bununla yanaşı, qoşunlara mümkün təxribatların və qarşı tərəfdən gələ biləcək hücumların qarşısını almağa hazır olmaq göstərişi verilib.

Diqqətçəkən məqam odur ki, Kremlin sözçüsü Dmitri Peskov günün əvvəlində Putinin pasxa atəşkəsi ilə bağlı hələ qərar vermədiyini bildirmişdi. Bu baxımdan, gecə yayılan yeni açıqlama Moskvanın mövqeyində dəyişiklik olduğunu göstərir.

Mətləb