Azərbaycanın bank sekorunun nümayəndələri Yaponiyada olub

9 Aprel 2026 23:17 (UTC+04:00)

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti beynəlxalq təcrübə mübadiləsi proqramları çərçivəsində Yaponiyaya işgüzar səfər həyata keçirib. SİA-nın məlumatına görə, səfər çərçivəsində ilk olaraq ABA-nın nümayəndə heyətinin Yaponiya Banklar Assosiasiyası (Japanese Bankers Association – JBA) ilə görüşü keçirilib.

Görüşdə ABA nümayəndə heyəti JBA rəhbərliyi və əlaqədar qurumların ekspertləri ilə bir araya gəlib. Görüşdə ABA-nı prezident Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, Azərbaycan Mərkəzi Bankının, ölkənin aparıcı banklarının və Azərbaycan Kredit Bürosunun nümayəndələri təmsil ediblər.

Yapon tərəfini isə JBA-nın sədr müavini və baş icraçı direktoru Yasuyuki Matsumoto və onun heyəti - Masayuki Saegusa, Yoji Oki, Ayako Suwa və Reo Takizawa təmsil ediblər. Görüş çərçivəsində Y. Matsumoto Yaponiya bank sistemi, ölkənin makroiqtisadi vəziyyəti, ödəniş infrastrukturu və rəqəmsal bankçılığın inkişaf istiqamətləri barədə məlumat verib. ABA nümayəndə heyəti isə Azərbaycan bank sektorunda rəqəmsallaşma prosesləri, ödəniş sistemlərinin genişləndirilməsi, maliyyə və bank sahəsində aparılan islahatlar və mövcud tənzimləmə çərçivəsi barədə qarşı tərəfi məlumatlandırıb.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin "The Japanese Banks" Payment Clearing Network", "Cooperation Agency for Anti-Money Laundering", "Mizuho Bank", "Money Forward, Inc.", eləcə də Yaponiya Mərkəzi Bankı ilə bir sıra yüksək səviyyəli işgüzar görüşlərdə iştirak edib.

Mətləb