Dr.İlqar Tahiroğlu: “Mitral klip əməliyyatının ən böyük üstünlüyü onun açıq əməliyyat deyil, minimal invaziv olmasıdır”
Mitral qapaq çatışmazlığı dünyada ən çox yayılmış qapaq xəstəliklərindən biridir. Mitral klip əməliyyatı bu gün mitral qapaq çatışmazlığı üçün ən çox istifadə edilən müdaxilədir.
Bu yaxınlarda Mitral klip əməliyyatı Azərbaycan həkimləri tərəfindən uğurla icra edilmişdir. Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr.İlqar Tahiroğlu ilə müsahibəmiz də bu barədədir.
- Dr. Tahiroğlu, Qafqaz regionında ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında Mitral klip əməliyyatını uğurla icra etdiniz. Bu əməliyyatın önəmi nədən ibarətdir?
- Bu əməliyyat tibb sahəsində mühüm bir nailiyyətdir. Mitral klip müdaxiləsi, ürəyin mitral qapaq çatışmazlığından əziyyət çəkən, açıq ürək əməliyyatına uyğun olmayan pasiyentlər üçün daha təhlükəsiz bir alternativdir. Bu prosedur yüksək dəqiqlik və müasir texnologiya tələb edir. Bizim məqsədimiz pasiyentin həyat keyfiyyətini artırmaq və riskləri minimuma endirməkdir. Mitral klip əməliyyatı açıq müdaxilədən daha az riskli olması və daha tez bərpa ilə fərqlənir.
- Bu əməliyyatın mürəkkəbliyi barədə nə deyə bilərsiniz?
- Mitral klip əməliyyatı çox mürəkkəb bir prosedurdur. Burada yalnız texnika və bilik kifayət etmir, həm də komanda işi vacibdir. Mənim komandamla birlikdə hər bir detalı diqqətlə planlayır, əməliyyatı ən yüksək peşəkarlıq səviyyəsində həyata keçiririk. Bu cür mürəkkəb prosedurlar bir neçə saat davam edə bilər və hər bir addım pasiyentin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.
- Bu nailiyyət Mərkəzi Gömrük Hospitalı üçün hansı əhəmiyyət və dəyəri ifadə edir?
- Bu gün dövlət başçımız, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini hər birimiz görürük. Bu sahədə müəyyən edilən proqramlar tibb müəssisələrinin ən müasir avadanlıqlarla təchiz olunmasına, yüksəkixtisaslı, peşəkar kadrların artmasına xidmət edir. Bizim bu mürəkkəb əməliyyatı uğurla icra etməyimiz hospitalımızın müasir tibbi yanaşmalara və innovasiyalara açıq olduğunu göstərir. Bizim yüksəkixtisaslı kadr potensialımız və inkişaf strategiyamız sayəsində Azərbaycan səhiyyəsi beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli olur. Onu da qeyd etmək istərdim ki, Mitral klip əməliyyatı tibb sahəsində yeni bir mərhələnin başlanğıcıdır.
- Sizcə, xəstələr üçün Mitral klip əməliyyatının üstünlükləri nələrdir?
-Bu əməliyyatın ən böyük üstünlüyü onun açıq əməliyyat deyil, minimal invaziv olmasıdır. Açıq ürək əməliyyatına ehtiyac olmadığı üçün pasiyent daha qısa müddətdə sağalır, əməliyyat sonrası risklər azalır. Bu, xüsusilə yaşlı və yanaşı xəstəlikləri olan xəstələr üçün həyati əhəmiyyət kəsb edir.
– Sizin uğurunuzun sirri nədədir?
– Uğurun sirri, mənim fikrimcə, bir neçə əsas amilin vəhdətində gizlənir: peşəkarlıq, zəngin təcrübə və davamlı təhsil. Tibb elə bir sahədir ki, burada öyrənmək heç vaxt bitmir. Mən həm Türkiyədə, həm də İsraildə ixtisas təhsili almışam, müxtəlif beynəlxalq konfranslarda məruzəçi kimi iştirak edir, Mərkəzi Gömrük Hospitalında olan təcrübəm ilə bölüşür, ən son tibbi texnologiyaları və müasir müalicə üsullarını mənimsəməyə çalışmışam. Bu bilik və bacarıqlar isə birbaşa olaraq pasiyentlərə göstərdiyimiz xidmətin keyfiyyətinə təsir edir.
Sağlamlıq dünyada ən dəyərli nemətdir. İnsan onu itirdikdə həyatın bütün rəngləri sanki solur. Belə məqamlarda insanların ilk ümid yeri həkim olur. Biz həkimlər ən çətin anlarda xəstənin gözündə yaranan o ümid işığını görmək bizim üçün ən böyük motivasiyadır.
Həkimlik mənim üçün sadəcə peşə deyil – bu, bir missiyadır. Gecə-gündüz demədən çalışmaq, hər bir pasiyentə fərdi yanaşmaq, onun dərdini öz dərdin kimi hiss etmək bu işin ayrılmaz hissəsidir. Ən böyük uğur isə pasiyentin sağalaraq üzündə təbəssümün geri qayıtmasıdır.
Eyni zamanda, mənim həyat yolumda təhsilə və inkişafa sadiqlik xüsusi yer tutur. Aldığım beynəlxalq təhsil, Hadassah Medical Center kimi nüfuzlu mərkəzlərdə qazandığım təcrübə, iştirak etdiyim elmi konfranslar və təlimlər mənim peşəkar formalaşmamda mühüm rol oynayıb. Müasir kardiologiyada tətbiq olunan TAVİ, mitral klip və digər invaziv prosedurların icrası zamanı həm nəzəri bilik, həm də praktiki dəqiqlik həyati əhəmiyyət daşıyır.
Bununla yanaşı, biliklərimi gənc həkim-rezidentlər ilə bölüşmək də mənim üçün böyük məsuliyyətdir. Tədris fəaliyyəti ilə məşğul olmaq, yeni nəslin yetişməsinə töhfə vermək uğurun başqa bir tərəfidir. Çünki güclü səhiyyə sistemi yalnız bu günü deyil, gələcəyi də düşünməklə qurulur.
Sonda isə deyə bilərəm ki, uğurun ən böyük sirri insanlara faydalı olmaq istəyidir. Əgər gördüyün iş insanların həyatına toxunursa, onlara sağlamlıq və ümid bəxş edirsə – bu artıq ən böyük uğurdur.
- Gənc həkimlərə nələri tövsiyə edərdiniz?
- Hər şeydən öncə təhsil və təcrübə. Öz üzərində daim işləmək, yeni texnologiyalara açıq olmaq və xəstəyə empatiya ilə yanaşmaq çox önəmlidir. Həkimlik yalnız texnika deyil, həm də qəlb işidir. Pasiyentlər ilə düzgün ünsiyyət, onlara diqqət və qayğı, mehribançılıq inam yaradır və daha tez sağalmağa ruhlandırır.
- Son olaraq, Mitral klip əməliyyatı ilə bağlı oxuculara nə demək istərdiniz?
– Sağlamlıq hər birimizin ən dəyərli sərvətidir və onu qorumaq həm həkimlərin, həm də hər bir insanın əsas prioriteti olmalıdır. Bu gün tibb elminin inkişafı sayəsində bir çox müdaxilələr artıq daha təhlükəsiz və minimal invaziv üsullarla həyata keçirilir. Mitral klip əməliyyatı da bu yeniliklərdən biridir və xüsusilə əməliyyat riski yüksək olan xəstələr üçün çox mühüm bir alternativdir.
Bu prosedur ürəyin mitral qapaq çatışmazlığını cərrahi kəsik olmadan, damar yolu ilə aradan qaldırmağa imkan verir. Nəticədə pasiyentlər daha qısa müddətdə ayağa qalxır, reabilitasiya prosesi daha rahat keçir və həyat keyfiyyətində əhəmiyyətli yaxşılaşma müşahidə olunur. Ən önəmlisi isə odur ki, bu müdaxilə bir çox insan üçün yenidən normal həyata qayıtmaq şansı yaradır.
Bizim əsas məqsədimiz xəstələrimizə yalnız müalicə təqdim etmək deyil, eyni zamanda onlara ümid vermək, həyatlarına dəyər qatmaqdır. Hər bir pasiyentə fərdi yanaşma, düzgün diaqnoz və müasir texnologiyaların tətbiqi uğurlu nəticənin əsasını təşkil edir.
Oxuculara tövsiyəm odur ki, ürəklə bağlı hər hansı əlaməti – nəfəs darlığı, tez yorulma, ürək döyüntülərində dəyişiklik kimi halları – gecikdirmədən mütəxəssisə müraciət etsinlər. Erkən diaqnoz bir çox hallarda daha sadə və effektiv müalicə imkanı yaradır.
- Maraqlı müsahibəyə görə sizə təşəkkür edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Müsahibəni apardı: Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi