“1 aprel görüşündən sonra Rusiya rəsmilərinin Azərbaycanla bağlı tutduqları mövqeyi açıqladıqları fikirlər, əslində, sistematik olaraq düşündükdə Ermənistan–Rusiya münasibətlərinin normallaşması üçün erməni cəmiyyətinə bir mesaj xarakteri daşıyır. Çünki qarşıdan seçkilər gəlir və seçkilərdə Rusiyanın dəstək verdiyi qüvvələrin qələbə qazanması üçün Rusiyanın Ermənistanda “yumşaq gücünü” möhkəmləndirməsi vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bu cür fikirlərin ortaya atılması istər Rusiya cəmiyyətində, istərsə də erməni cəmiyyətində tərəfdar sayını artırmağa hesablanmış addım kimi dəyərləndirilə bilər:
“İkinci tərəfdən, təbii ki, burada mövcud durumda Azərbaycanın tutduğu müstəqil xarici siyasət kursu da əlavə faktor kimi çıxış edir. Son günlər, xüsusilə İsrail, ABŞ və İran arasında baş verən qarşıdurmalar, eyni zamanda regionla bağlı yaranmış vəziyyət, Ermənistan–Azərbaycan arasında normallaşma prosesinin getməsi və s. bütün bunlar Rusiya hakimiyyətini narahat edən mövzulardır. Xüsusilə də Ermənistanın mövcud hökumətinin Azərbaycanla bağlı mövqeyi burada daha böyük əhəmiyyət daşıyır.
Üstəlik, Qarabağ klanının nümayəndələri, xüsusilə də Robert Koçaryanın “biz hakimiyyətə gəlsək, yenidən müharibə ola bilər” kimi səsləndirdiyi fikirlər də onlar üçün cəlbedicidir. Yəni açıq desək, Rusiya pusqudadadır və hər an yeni bir qarşıdurmaya, böhrana hazırlaşır. Böyük ehtimalla, bu böhranı daha da dərinləşdirməyə çalışacaq.
Beləliklə, mövcud vəziyyət bundan ibarətdir. Təbii ki, Rusiyadakı bəzi şəxslərin Azərbaycanla bağlı ictimai müzakirələrə qoşulması təsadüfi deyil. Böyük ehtimalla, bu, Kreml tərəfindən verilən göstərişlər əsasında aparılan fəaliyyətlərdir və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirilə bilər. Bu isə 22 fevral 2022-ci il tarixli müttəfiqlik bəyannaməsinin ruhuna ziddir.
Yəni bunu bilə-bilə belə addımlar atılırsa, bu artıq o deməkdir ki, Rusiya üçün müəyyən sərhədlər yoxdur. Bu məsələlərdə Rusiyanın mövqeyi, açıq desək, ciddi və beynəlxalq hüquqa uyğun olmayan xarakter daşıyır. Gələcəkdə hansı mövqe tutacağını isə zaman göstərəcək”.