“Azərbaycan diplomatiyası “yumşaq güc” alətlərindən istifadəni prioritet hesab edir“ - ŞƏRH OLUNDU

9 Aprel 2026 16:41 (UTC+04:00)

“Müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan qlobal turbulentlik, ilk növbədə, tarixi ziddiyyətlərdən, geosiyasi maraqların toqquşmasından və uzun illər ərzində həll olunmamış münaqişələrdən qaynaqlanır”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, bu proseslər nəticəsində müxtəlif regionlarda gərginlik ocaqları formalaşır və bu da beynəlxalq təhlükəsizlik mühitinə ciddi təsir göstərir:

”Xüsusilə son dövrlərdə dünya ictimaiyyətində yeni qlobal müharibə ehtimalı ilə bağlı narahatlıqların artması bu gərginliyin miqyasını daha da aydın şəkildə nümayiş etdirir.

Cənubi Qafqaz regionu bu geosiyasi proseslərin kəsişdiyi məkanlardan biri kimi xüsusi diqqət mərkəzindədir. Şərqi Avropada davam edən Ukrayna münaqişəsi, regionun cənubunda İran ətrafında müşahidə olunan gərginliklər və Yaxın Şərqdə baş verən hadisələr ümumi təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir. Bu proseslərdə iştirakçı dövlətlərin sayının artması və böyük güclərin regionlara aktiv müdaxiləsi vəziyyəti daha da kəskinləşdirir. Məsələn, Ukrayna məsələsində Qərb dövlətlərinin fəal iştirakı, eyni zamanda İran ətrafında körfəz ölkələrinin mövqeyi geosiyasi qarşıdurmanın genişlənmə potensialını artırır.

Belə mürəkkəb və ziddiyyətli şəraitdə yaranan boşluqların doldurulması üçün əsas vasitə kimi əməkdaşlıq, dialoq və qarşılıqlı anlaşma çıxış edir. Münaqişələrin hərbi yolla həlli cəhdləri əksər hallarda daha ağır nəticələrə səbəb olduğundan, beynəlxalq münasibətlər sistemində diplomatik vasitələrin rolu daha da artır. Bu baxımdan dövlətlərin, xüsusilə regional aktorların məsuliyyətli davranışı, sülh təşəbbüsləri ilə çıxış etməsi və humanitar dəyərləri ön plana çəkməsi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasət kursu məhz bu prinsiplərə əsaslanır. Rəsmi Bakı beynəlxalq münaqişələrə münasibətdə balanslı, praqmatik və rasional mövqe nümayiş etdirərək həm regional, həm də qlobal səviyyədə sülh və sabitliyin təmin olunmasına töhfə verməyə çalışır. Müxtəlif münaqişə zonalarına, o cümlədən Ukrayna və İran istiqamətlərində humanitar yardımların göstərilməsi Azərbaycanın beynəlxalq humanitar dəyərlərə sadiqliyinin göstəricisidir.

Eyni zamanda, Azərbaycan diplomatiyası “yumşaq güc” alətlərindən istifadəni prioritet hesab edir. Bu yanaşma yalnız siyasi bəyanatlarla kifayətlənməyərək, konkret humanitar addımlar, vasitəçilik təşəbbüsləri və dialoqu təşviq edən fəaliyyətlərlə müşayiət olunur. Tarixi təcrübə də göstərir ki, Azərbaycan bir sıra hallarda tərəflər arasında vasitəçi rolunda çıxış edərək gərginliyin azaldılmasına töhfə verib. Bu kontekstdə müxtəlif dövlətlər arasında yaranmış böhranlı vəziyyətlərdə Bakının konstruktiv mövqeyi və operativ diplomatik fəaliyyəti müsbət nəticələr doğurub.

Müasir dövrdə qlobal miqyasda sülhpərvər qüvvələrin yetərincə aktiv olmaması bir çox münaqişələrin dərinləşməsinə səbəb olur. Bəzi hallarda siyasi elitalar və işgüzar dairələr mövcud problemləri görsələr də, onların həlli istiqamətində lazımi addımları atmırlar. Halbuki, beynəlxalq gərginliklərə laqeyd yanaşmaq daha böyük fəlakətlərin yaranmasına zəmin yarada bilər. Bu baxımdan beynəlxalq ictimaiyyətin məsuliyyətli davranışı, qarşılıqlı dəstək və əməkdaşlıq mühiti formalaşdırması vacibdir.

Qlobal turbulentlik şəraitində sülhün və sabitliyin təmin olunması üçün əsas prioritet dialoq, qarşılıqlı hörmət və humanitar yanaşmanın gücləndirilməsi olmalıdır. Azərbaycan diplomatiyasının nümayiş etdirdiyi praqmatik və balanslı siyasət bu istiqamətdə mühüm nümunə kimi çıxış edir. Münaqişələrin həllində güc tətbiqindən daha çox diplomatik vasitələrə üstünlük verilməsi, tərəflər arasında etimad mühitinin yaradılması və “yumşaq güc” strategiyasının genişləndirilməsi müasir beynəlxalq münasibətlər sistemində dayanıqlı sülhün əsas şərtlərindən biri kimi qiymətləndirilə bilər”.