“Bakı və Astana arasında əməkdaşlıq regionun inkişafına töhfə verir” - DEPUTAT DANIŞDI

9 Aprel 2026 15:55 (UTC+04:00)

“Prezident İlham Əliyevin Qazaxıstan nümayəndə heyətini qəbul etməsi iki ölkə arasında münasibətlərin inkişaf dinamikasını bir daha nümayiş etdirir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Nigar Məmmədova bildirib.

Onun sözlərinə görə, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev və nəqliyyat naziri Nurlan Sauranbayevlə görüşdə həm siyasi, həm də iqtisadi məsələlər müzakirə olundu:
“Cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycanla Qazaxıstan arasında münasibətlər əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər, bu səfərlər zamanı qəbul olunan qərarlar və müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin intensiv təmasları iki ölkə arasında etimadın yüksək səviyyədə olduğunu təsdiqləyir.
Son illərdə Azərbaycan və Qazaxıstan Avrasiya məkanında mühüm rol oynayan Orta Dəhliz layihəsinin inkişafında fəal iştirak edirlər. Sözügedən marşrut Çin, Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya uzanan alternativ ticarət yoludur. Bu baxımdan, hər iki ölkənin nəqliyyat infrastrukturunun uzlaşdırılması, logistika imkanlarının genişləndirilməsi və tranzit potensialının artırılması strateji əhəmiyyət kəsb edir.
Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsi və yeni layihələrin reallaşdırılması üçün əlverişli şərait yaranıb. Xüsusilə enerji, nəqliyyat və logistika sahələrində tərəfdaşlıq hər iki ölkənin regional iqtisadi mövqelərini gücləndirir. Bununla yanaşı, Azərbaycan–Qazaxıstan əlaqələri daha geniş geosiyasi kontekstdə də xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir və türk dünyasında inteqrasiyanın gücləndirilməsinə töhfə verir. Bu isə regionda yeni iqtisadi və siyasi əməkdaşlıq modellərinin formalaşmasına şərait yaradır.
Bakı və Astana arasında əməkdaşlıq təkcə iki ölkənin maraqlarına deyil, bütövlükdə regionun iqtisadi inkişafına və nəqliyyat təhlükəsizliyinə töhfə verir”.