Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 9-da Azərbaycanda səfərdə olan Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə M.Çiftçini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə ona təşəkkürünü bildirib.
O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin Türkiyənin hüquq mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini qeyd edib. Bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığı nəzərə çatdırılıb.
Nazir Azərbaycan polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də diqqətə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb, Mustafa Çiftçinin şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.
Türkiyənin daxili işlər naziri Azərbaycana səfərindən, dost və qardaş ölkələrin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, Azərbaycanda yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından və təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.
O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin iki ölkənin mənafelərinə xidmət etdiyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.