“Orta ömür uzunluğu ilə pensiya yaşı arasında balans qurmaq üçün pensiya yaşı insanların böyük əksəriyyətinin sağlamlıq və iş qabiliyyətinə uyğun olmalıdır”.
Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin Akif Nəsirli deyib.

O bildirib ki, əgər pensiya yaşı çox aşağı olarsa, dövlətin sosial yükü artır və pensiya fondunun maliyyə dayanıqlığı zəifləyir:
“Əksinə, pensiya yaşı çox yüksək olarsa, vətəndaşların iş qabiliyyətini itirməzdən əvvəl pensiya hüququndan istifadə etməsi çətinləşir və onların rifahı azalır.
Bu balansı təmin etmək üçün orta ömür uzunluğu, iş qabiliyyəti statistikası və iqtisadi göstəricilər nəzərə alınaraq dinamik pensiya sistemi tətbiq edilə bilər. Misal üçün, ömür uzunluğu artdıqca pensiya yaşını mərhələli şəkildə artırmaq və eyni zamanda pensiya məbləğini və sosial dəstək proqramlarını tənzimləmək, həm vətəndaşların rifahını, həm də dövlətin maliyyə dayanıqlığını qoruyur. Belə yanaşma həm ədalətli, həm də davamlı sosial sistem yaradır”.
Ayşən Vəli