“Dostluq əlaqələrimiz günbəgün genişlənir və inkişaf edir. Bu münasibətlər bu gün özünün ən qürurverici dövrünü yaşayır. Bütün sahələr üzrə ölkələrimiz arasında sıx əməkdaşlıq və möhkəm dostluq əlaqələri mövcuddur. Tarixi dövrlər göstərir ki, xalqlarımız çətinliklərdə də, xoş günlərdə də bir-birinin yanında olub”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əhliman Əmiraslanov Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının birgə görüşündə çıxışı zamanı deyib.
Deputat bildirib ki, bu əlaqələrin qurulmasında və inkişafında ölkə liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan – xüsusi rol oynayıblar: “Azərbaycanın Qarabağ zəfəri zamanı başda cənab Ərdoğan olmaqla, Türkiyənin Azərbaycana verdiyi güclü dəstək heç vaxt unudulmayacaq. İmzalanmış Şuşa Bəyannaməsi qardaşlığımızı və dostluğumuzu strateji müttəfiqlik səviyyəsinə yüksəldib”.
Əhliman Əmiraslanov həmçinin Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan xalqının türk qardaşlarına göstərdiyi dəstəyi vurğulayıb: “Hamımızın şahidi olduğu kimi, Kahramanmaraşda zəlzələdən zərər çəkmiş insanlar üçün istifadəyə verilən "Azərbaycan məhəlləsi" qardaşlığımızın parlaq simvoluna çevrildi”.
Deputat çıxışında qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər regionda stabillik və əməkdaşlığın güclü dayağıdır: “Bu qardaşlıq və dostluq gələcək nəsillər üçün də örnəkdir və davamlı inkişaf edəcək”.