“Azərbaycan–Qazaxıstan münasibətləri uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsindədir” - ZAHİD ORUC

9 Aprel 2026 12:32 (UTC+04:00)

“Azərbaycan–Qazaxıstan münasibətləri son illərdə xüsusilə dinamik inkişaf edən strateji tərəfdaşlıqlardan biridir və əlaqələr həm siyasi, həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevlə Kasım Comart Tokayev arasında şəxsi münasibətlər və qarşılıqlı etimad ikitərəfli əlaqələrin əsas sütunlarıdır”.
Bu fikirləri SİA -ya açıqlamasında Millət Vəkili Zahid Oruc bildirib.

Onun sözlərinə görə, dövlət başçılarının mütəmadi səfərləri və görüşləri əməkdaşlığı daha da dərinləşdirir:

”Tokayev dəfələrlə Azərbaycanı “qardaş ölkə” kimi xarakterizə edib və Əliyevə açıq şəkildə yüksək hörmət nümayiş etdirib. Qarşılıqlı səfərlər, yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi və imzalanan sənədlər münasibətləri institusional səviyyədə möhkəmləndirib.

2023-cü ildə Kassım-Jomart Tokayev-in Qarabağa səfəri xüsusi simvolik və siyasi əhəmiyyət daşıyır. Ziyarət Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin açıq göstəricisi oldu, Qarabağın bərpası və reinteqrasiyası prosesinə beynəlxalq diqqəti artırdı, Türk dünyası daxilində həmrəyliyin gücləndiyini nümayiş etdirdi.

Tokayev Füzulidə məktəb tikintisi layihəsinə dəstək verərək konkret humanitar töhfə də verdi.

“C5+1” formatı regionda əməkdaşlıq üçün platformadır. Azərbaycan formatın üzvü olmasa da, Qazaxıstan vasitəsilə Mərkəzi Asiya ilə nəqliyyat (Orta Dəhliz-Transxəzər marşrutu), enerji və logistika sahələrində əməkdaşlığı genişləndirir. Bakı ilə Astana arasında əlaqələr daha geniş regional inteqrasiyanın bir hissəsidir.

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat-logistika sahəsidir. Xəzər dənizi üzərindən keçən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) hər iki ölkəni Avropa–Asiya ticarətində strateji qovşağa çevirir.

Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin iştirakı ilə) bu sahələrin prioritet olduğu aydın görünür: yükdaşımaların artırılması, liman və dəmir yolu infrastrukturunun inkişafı tranzit potensialının genişləndirilməsi strateji hədəflərdir. Bir sözlə Azərbaycan-Qazaxıstan münasibətləri yüksək siyasi etimad, qardaşlıq və ortaq tarixi-kulturoloji bağlar, strateji nəqliyyat və enerji əməkdaşlığı və Türk dünyası çərçivəsində koordinasiya ilə xarakterizə olunur.

Prezident İlham Əliyevin münasibətləri artıq sadəcə diplomatik əlaqələr deyil, çoxşaxəli və uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan etməsi uzun illər yürüdülən siyasətin uğurlu nəticəsi, hazırki qlobal təhlükələr və müharibələr şəraitində Türk Dövlətləri və regional təhlükəsizliyin sütunlarından biridir.

Cənubi Qafqaz regionu və Böyük Orta Asiya arealının geosiyasi birləşməsi Vətən müharibəsində Qələbəmizin birbaşa nəticəsidir”.