"ABŞ və İran arasında iki həftəlik atəşkəs rejiminin imzalanmasına baxmayaraq, həm İrana, həm də Livana endirilən son zərbələr, eləcə də İsrail və ABŞ tərəfindən Livanla bağlı atəşkəsin mümkün olmayacağına dair açıqlamalar göstərir ki, bu atəşkəs qalıcı xarakter daşımır. Onu uzunmüddətli sülhə çevirmək üçün müəyyən imkanlar olsa da, bu imkanlar hələ ki real görünmür".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi ondan ibarətdir ki, İran, ABŞ və İsrail hələ də öz hərbi potensiallarının tükəndiyini hiss etmirlər: "Hər üç tərəf qarşı tərəfə zərbə endirmək və müdafiə olunmaq gücündə olduğunu düşünür. Bu səbəbdən də maksimalist siyasətlərindən geri çəkilmək istəmirlər.
ABŞ bildirir ki, İranın uzunmüddətli planlarını qəbul etmir və yalnız öz milli maraqlarını qoruyacaq. İsrail də oxşar mövqe sərgiləyir. İran isə əksinə, xarici təzyiqlərə boyun əyməyəcəyini və öz maraqlarını sonadək müdafiə edəcəyini vurğulayır.
Atəşkəs yalnız o zaman davamlı sülhə çevrilə bilər ki, tərəflər bir-birinin maraqlarını qəbul etsin və qarşılıqlı etimad formalaşsın. Lakin hazırda tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur və bu ayrılıqlar dərin uçurum səviyyəsindədir. Bu isə göstərir ki, real və davamlı sülhdən danışmaq üçün hələ tezdir.
Müharibənin bitməsi üçün əsas ehtimallardan biri tərəflərdən birinin ciddi zəifləməsi və ya məğlubiyyət təhlükəsini hiss edərək güzəştlərə getməsidir. ABŞ üçün birbaşa məğlubiyyət ehtimalı aşağıdır, çünki müharibə onun ərazisində getmir. Lakin Yaxın Şərqdəki resurslarının tükəndiyini hiss edərsə, müəyyən kompromislərə gedə bilər. Digər tərəfdən, İran da məğlubiyyət riskini hiss edərsə, danışıqlara daha açıq ola bilər.
Hazırkı vəziyyətdə isə bu ssenarilərin heç biri tam şəkildə müşahidə olunmur. Bu səbəbdən regionda vəziyyət dəyişkən olaraq qalacaq və münaqişənin tam həlli hələlik mümkün görünmür".