"Meşələrin qırılması eroziyanı artırır" - EKOLOQ DANIŞDI

9 Aprel 2026 10:37 (UTC+04:00)

"Torpağın məhsuldarlığının azalması bir çox amillərlə bağlıdır. Bu amillər əsasən iki qrupa bölünür: təbii və antropogen (insan fəaliyyəti ilə bağlı) amillər. Təbii amillərdən biri intensiv yağıntılardır. Son dövrlərdə müşahidə olunan güclü yağışlar torpağın məhsuldarlığına ciddi təsir göstərir. Belə ki, həddindən artıq yağıntı torpaqda suyun miqdarını artırır. Su torpağın dərin qatlarına süzülərkən üst qatda olan üzvi maddələri və qida elementlərini özü ilə aparır. Nəticədə torpağın üst qatı kasıblaşır və məhsuldarlıq azalır".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.

Onun sözlərinə görə, digər təbii amil güclü küləklərdir: "Xüsusilə bitki örtüyü zəif olan əkin sahələrində külək torpağın üst qatını qurudur və onu sovuraraq aparır. Bu isə torpaq eroziyasına və münbitliyin azalmasına səbəb olur. Antropogen amillərə gəldikdə isə, ilk növbədə düzgün olmayan suvarma üsullarını qeyd etmək olar. Həddindən artıq suvarma zamanı torpağın üst qatı yuyulur və qida maddələri dərin qatlara keçir. Bu proses intensiv yağışların yaratdığı təsirə bənzəyir.

Kimyəvi və süni gübrələrin normadan artıq istifadəsi də torpağın münbitliyinə mənfi təsir göstərir. Bu gübrələr qısa müddətdə məhsuldarlığı artıra bilsə də, uzun müddətdə torpağın strukturunu pozur və şoranlaşmaya səbəb olur. Digər mühüm amillərdən biri torpağın düzgün şumlanmamasıdır. Xüsusilə nəm halda şumlama torpağın strukturunu pozur, onu bərkiyir və hava keçiriciliyini azaldır. Bu təsir bəzən qısamüddətli olsa da, ümumi məhsuldarlığa mənfi təsir edir.

Eyni sahədə eyni bitkinin təkrar-təkrar əkilməsi də torpağın münbitliyini azaldır. Çünki hər bitki torpaqdan müəyyən qida maddələrini götürür. Növbəli əkin sistemi tətbiq olunmadıqda torpaq tədricən kasıblaşır. Halbuki müxtəlif bitkilərin növbəli əkilməsi torpağın bərpasına kömək edir.

Bundan əlavə, meşələrin qırılması və bitki örtüyünün azalması torpaq eroziyasını gücləndirir. Otlaq sahələrində heyvanların həddindən artıq otarılması da torpağa zərər verir. Xüsusilə xırdabuynuzlu heyvanlar torpağın üst qatını dağıdır, bitkilərin köklərini zədələyir və nəticədə torpaq bitki örtüyündən məhrum olur. Bu isə eroziyanı daha da sürətləndirir.

Beləliklə, həm təbii, həm də insan fəaliyyəti ilə bağlı amillər torpağın münbitliyinə ciddi təsir göstərir. Bu səbəbdən torpaqdan düzgün istifadə, müasir aqrotexniki qaydalara əməl olunması və təbii tarazlığın qorunması son dərəcə vacibdir.

Bu proseslər bir-biri ilə sıx bağlıdır və əslində bir-birinə təsir edən mərhələlərdən ibarətdir. Ona görə də kənd təsərrüfatı ilə məşğul olan insanlar ilk baxışda xırda görünən, lakin dərin nəticələrə səbəb olan bu məsələlərə ciddi yanaşmalıdırlar.

Kənd təsərrüfatı sahəsində çalışanların dəstəklənməsi və maliyyələşdirilməsi də olduqca vacibdir. Bu, həm torpaqların münbitliyinin qorunmasına, həm də ümumilikdə ətraf mühitin mühafizəsinə xidmət edən mühüm addımdır. Torpağın münbitliyinin əsas göstəricilərindən biri onun tərkibindəki bioloji aktiv maddələrin, yəni orqanik mənşəli çürüntülərin (humusun) miqdarıdır. Bu göstəricini artırmaq üçün təbii gübrələrdən istifadə xüsusi əhəmiyyət daşıyır.

Məsələn, heyvandarlıq təsərrüfatlarının tullantısı hesab olunan, lakin əkinçilik üçün çox dəyərli olan mal-qara peyini torpaq üçün olduqca faydalıdır. Əgər bu peyin müntəzəm olaraq əkin sahələrinə tətbiq olunarsa, torpağın münbitliyi qorunub saxlanıla və hətta artırıla bilər.

Bu baxımdan əkinçilik və heyvandarlığın birgə, yəni inteqrasiya olunmuş şəkildə idarə olunması daha səmərəli nəticə verir. Belə olduqda hər iki sahə bir-birini dəstəkləyir və qarşılıqlı fayda yaradır.

Bu cür düzgün idarəetmə şəraitində torpağın kimyəvi gübrələrə ehtiyacı azalır, həmçinin torpaqda şoranlaşma kimi mənfi proseslərin qarşısı alınır".