2026-cı ilin ilk üç ayı ərzində Naxçıvan Muxtar Respublikasının (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublikada 50 qida obyektinə cərimə tətbiq olunub.
Agentlikdən SİA-nın yerli bürosuna verilən məlumata görə, bu müddətdə ümumilikdə 68 yoxlama həyata keçirilib və əksər qida obyektlərində müxtəlif növ pozuntular aşkarlanıb.
Yoxlamaların 28-i ictimai iaşə müəssisələrində, 12-si topdan və pərakəndə satış obyektlərində, 5-i ilkin istehsal və istehsal sahələrində, 3-ü ət satışı obyektlərində, 2-si məktəb bufetlərində, 3-ü apteklərdə, 15-i isə emal müəssisələrində aparılıb.
Aparılan nəzarət tədbirləri zamanı ən çox pozuntuların emal müəssisələri və ictimai iaşə obyektlərində qeydə alındığı bildirilib.
Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Həm planlı, həm də plandankənar yoxlamaların nəticəsi olaraq 50 qida obyekti barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati tənbehvermə qərarı qəbul edilib.