“Bu cür bəyanatlar Azərbaycanın daxili işlərinə müdaxilə mövzusunu yenidən aktuallaşdırır” - ŞƏRH

8 Aprel 2026 17:14 (UTC+04:00)

“Rusiya rəsmilərinin bu tip çıxışları adətən sırf təsadüfi deyil və daha geniş geosiyasi kontekstin tərkib hissəsi kimi dəyərləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, Moskva regionda təsir imkanlarını qorumağa çalışdığı bir mərhələdə Cənubi Qafqazda baş verən proseslərə yalnız müşahidəçi kimi yanaşmır, əksinə müəyyən məsələlər üzərindən dolayı təsir rıçaqları formalaşdırmağa çalışır:

“Azərbaycanın daxili məsələlərinə toxunan açıqlamalar da bu baxımdan həm mesaj xarakteri daşıyır, həm də regiondakı balanslara təsir etməyə hesablanır. Bu, xüsusilə Ermənistanla münasibətlərin yeni mərhələyə keçdiyi və Rusiyanın İrəvan üzərində əvvəlki təsirinin zəiflədiyi bir dövrdə daha çox hiss olunur.

Digər tərəfdən, bu cür bəyanatlar Azərbaycan üçün prinsipial məsələ olan suverenlik və daxili işlərə müdaxilə mövzusunu yenidən aktuallaşdırır. Bakı belə hallarda adətən sərt, amma ölçülü diplomatik mövqe sərgiləyir və məsələnin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsini önə çəkir. Eyni zamanda bu, Azərbaycanın regionda müstəqil siyasət kursunu davam etdirdiyini və xarici təsir cəhdlərinə həssas yanaşdığını göstərir. Ümumilikdə isə bu tip ritorika Cənubi Qafqazda onsuz da həssas olan siyasi mühitdə əlavə gərginlik elementləri yarada bilər, lakin tərəflərin açıq qarşıdurmadan daha çox diplomatik kanallarla məsələni tənzimləməyə üstünlük verəcəyi ehtimalı daha yüksəkdir”.