"Seçkilərdə Paşinyanın qələbə ehtimalı daha yüksəkdir" - MÖVQE

8 Aprel 2026 15:44 (UTC+04:00)

"Artıq Ermənistanda növbəti parlament seçkilərinə rəsmi start verilib. Hakimiyyət, başda Baş nazir Nikol Paşinyan olmaqla, müxalif qüvvələri “müharibə partiyası” kimi xarakterizə edir. Bu kontekstdə rusiyalı milyarder Samvel Karapetyan, eləcə də keçmiş prezidentlər Robert Koçaryan və Serj Sərkisyan tənqid olunur. Hakimiyyət bu qüvvələri və onları dəstəklədiyi iddia edilən Erməni Apostol Kilsəsi strukturlarını Ermənistan üçün təhlükə mənbəyi kimi təqdim edir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, digər tərəfdən isə adı çəkilən müxalif qüvvələr və kilsə Paşinyanı milli maraqlara zidd hərəkət etməkdə, hətta Azərbaycan və Türkiyəyə yaxın siyasət yürütməkdə ittiham edir: "Bununla belə, erməni cəmiyyətində fərqli yanaşmalar da mövcuddur. Bir çoxları hesab edir ki, məhz Paşinyan hakimiyyəti dövründə Azərbaycanla əldə olunan razılaşmalar nəticəsində cəbhədə itkilər azalıb və uzun illər davam edən gərginlik müəyyən qədər səngiyib. Eyni zamanda, regional kommunikasiyaların açılması perspektivi iqtisadi baxımdan yeni imkanlar yaradır.

Bu proseslər fonunda Ermənistan daxilində radikal və şovinist düşüncəyə malik qüvvələrlə daha praqmatik və sülhyönümlü xətt arasında rəqabət güclənir. Mövcud dinamika göstərir ki, cəmiyyətin bir hissəsi sabitlik və inkişaf naminə Paşinyanın siyasətini dəstəkləməyə daha çox meyllidir.

Eyni zamanda, xarici faktorların təsiri də kifayət qədər güclüdür. Xüsusilə Rusiyanın proseslərə müdaxilə ehtimalı geniş müzakirə olunur. Vladimir Putin ilə Paşinyan arasında baş tutan son görüşlər və bəzi rus rəsmilərinin açıqlamaları bu kontekstdə diqqət çəkir.

Bununla yanaşı, ABŞ və Avropa İttifaqı tərəfindən Ermənistana göstərilən siyasi və maliyyə dəstəyi də artmaqdadır və seçki ərəfəsində daha da intensivləşəcəyi gözlənilir. Planlaşdırılan beynəlxalq tədbirlər, o cümlədən Avropa siyasi platformaları çərçivəsində keçiriləcək forumlar Paşinyan hakimiyyətinə əlavə siyasi üstünlüklər qazandıra bilər.

Seçkilər yaxınlaşdıqca ölkə daxilində siyasi gərginliyin artacağı istisna deyil. Müxtəlif təxribat cəhdləri, informasiya müharibəsi və hətta sərhəd bölgələrində risklərin yüksəlməsi ehtimalı da nəzərə alınmalıdır.

Bütün bunlara baxmayaraq, ümumi mənzərə onu göstərir ki, proseslər böyük ölçüdə Paşinyan hakimiyyətinin nəzarətindədir. Gərgin və rəqabətli keçəcəyi gözlənilən seçkilərdə Nikol Paşinyanın qalib gəlmə ehtimalı hazırkı mərhələdə daha yüksək qiymətləndirilir".