“Cənubi Qafqaz bu gün yeni geosiyasi mərhələyə qədəm qoyub. Burada həm yeni fürsətlər, həm də bu fürsətləri imkana çevirmək əsas şərtdir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri zamanı keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlər regionun gələcək inkişaf trayektoriyasını anlamaq baxımından vacibdir:
”Cənab Prezidentin İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə bəyanatında vurğuladığı əsas məqam ondan ibarətdir ki, bu gün dünyada sülh və təhlükəsizlik ciddi təhdid altındadır. Müxtəlif regionlarda baş verən münaqişələr, qanlı toqquşmalar və humanitar böhranlar beynəlxalq münasibətlər sistemində dərin çatlar yaradıb. Belə bir şəraitdə Cənubi Qafqaz ölkələrinin üzərinə daha böyük məsuliyyət düşür.
Rəsmi Bakı bu xüsusda regionda formalaşmaqda olan yeni reallıqları düzgün qiymətləndirməyin tərəfdarıdır. Belə ki, 44 günlük müharibədən sonra yaranan sabitlik, nəqliyyat-kommunikasiya xətlərinin açılması perspektivləri və iqtisadi əməkdaşlıq imkanları Cənubi Qafqazı potensial əməkdaşlıq məkanına çevirə bilər. Dövlət başçımı artıq münaqişə məkanından əməkdaşlıq və sabitlik zonasına çevrildiyini qeyd edərək, bu imkanların dəyərləndirilməsinin vacibliyini vurğuladı. Burada region ölkəsi kimi Gürcüstanın rolu xüsusi qeyd olunur. Xüsusilə Azərbaycanla Ermənistan arasında ticarətin Gürcüstan üzərindən həyata keçirilməsi bu ölkənin regional sabitlik və iqtisadi inteqrasiyada effektiv vasitəçi rolunu göstərir.
İkinci mühüm məqam regional həmrəyliyin vacibliyidir. Azərbaycan Cənubi Qafqaz ölkələrini qlobal qarşıdurmaların təsirinə düşmək əvəzinə, öz aralarında əməkdaşlığı gücləndirməyə çağırır. Bu, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından zəruridir. Bakı ilə Tbilisi arasında dialoqun davamlı xarakter alması da bu strategiyanın tərkib hissəsidir.
Digər vacib prioritet fürsətlərin qaçırılmaması ilə bağlıdır. Aydındır ki, qlobal gərginlik fonunda sabit regionlar daha çox investisiya, logistika və enerji layihələri üçün cəlbedici olur. Bu mənada fürsətin düzgün dəyərləndirilməsi Cənubi Qafqazı regional güc mərkəzinə çevrilə bilər.
Azərbaycan regionda əsas sabitlik və əməkdaşlıq təşəbbüslərinin müəllifi kimi qonşu ölkələri də bu prosesdə aktiv iştirak etməyə çağırır.
Beləliklə, qlobal qarşıdurmaların artdığı bir dövrdə Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi ilk növbədə regional aktorların siyasi iradəsindən və qarşılıqlı etimadından asılıdır”.