“ABŞ prezidenti Donald Tramp “bu gecə qədim bir sivilizasiya məhv olacaq, bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək” təhdidindən sonra İrana qarşı başladılan hərbi əməliyyatlar dayandırılıb”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, Atəşkəsin iki həftə qüvvədə olacağı deyilir. İran tərəfi isə bildirir ki, müharibə yalnız 10 aprel danışıqlarında 10 bəndlik saziş tam imzalandıqdan sonra başa çatmış hesab olunacaq:
”Müharibə hələlik bitmiş sayılmır. Bu sadəcə atəşkəs razılığıdır. Yəni vəziyyət hələ də həssas və qırılqandır. Hər an hər şey ola bilər. Lakin buna baxmayaraq, atəşkəsin əldə olunması gözlənilirdi. Məsələ ondadır ki, İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar gözlənilən nəticəni vermədi. Düzdür, Təl-Əviv və Vaşinqton İranın ali rəhbəri Əli Xamenei olmaqla bir çox mühüm şəxsi sıradan çıxarıb, İran infrastrukturuna, hərbi obyektlərinə və iri şəhərlərinə ciddi zərər vurub. Lakin Tehranın cavabı da gözləniləndən sərt oldu.
ABŞ-ın Yaxın Şərqdəki bir çox mühüm hərbi bazası və bu bazaların yerləşdiyi ölkələr İran tərəfindən açıq hədəfə çevrildi və zərbələr endirildi. Hətta Vaşinqtonun Fars körfəzinə gətirdiyi donanmaya, o cümlədən F-15E qırıcı təyyarəsinə, daha sonra isə qırıcının pilotlarını axtarmağa göndərilən “Black Hawk” tipli helikopterə zərbələr endirilməsi, İsrailə aramsız zərbələr endirilməsi vəziyyəti daha da ciddi hala gətirdi.
Faktiki olaraq İranın müqaviməti ABŞ üçün də gözlənilməz oldu. Bundan başqa, körfəz ölkələrinin, Türkiyənin və Avropa müttəfiqlərin Vaşinqtona dəstək verməməsi, hətta əməliyyatların dayandırılması yönündə təzyiqləri də Vaşinqtonu belə bir addım atmağa vadar etdi.
Lakin subyektiv yanaşmam belədir ki, atəşkəsin əldə edilməsində ən böyük faktor Çindir. Ayətullah Müctəba Xameneinin Çinin diplomatik səyləri və son anda göstərdiyi təzyiq nəticəsində Pakistanın təklif etdiyi 2 həftəlik atəşkəsi qəbul etdiyi deyilir. Lakin ən önəmlisi Pekinin İrana hərbi yardımları idi.
Son günlər İran ordusunun ABŞ-a qarşı daha effektiv və sərras cavab zərbələri endirməsi ABŞ-ı çətin vəziyyətə saldı. Halbuki son həftəyə qədər ciddi itkilərə məruz qalan bir İran vardı. Bariz şəkildə cəbhədə dəyişiklik sezilirdi. Burada ağla batan əsas versiya Çinin İrana yeni nəsil HHM sistemləri, raketlər və fərqli təyinatlı silahlar verməsidir. Məntiqlə ABŞ silahlarına rəqib olacaq alternativlər yalnız Çində var.
Yəni belə nəticəyə gəlmək olar ki, Pekin Tehrana diplomatik təzyiq edib, Vaşinqtonu isə İrana etdiyi yardımlar ilə danışıqlar masasına çəkməyi bacarıb.
Pakistanın baş naziri Şahbaz Şərif ABŞ, İsrail və İran nümayəndələrini aprelin 10-da danışıqlar üçün İslamabada dəvət edib. İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampın İrana zərbələri dayandırmaq barədə qərarını dəstəkləyib.
Qarşıda planlanan iki həftəlik atəşkəs və aprelin 10-da keçirilməsi ehtimal olunan sülh danışıqları var. Buna baxmayaraq həm ABŞ həm də İran tərəfi indidən özünü qalib elan edib. Lakin ortada heç bir tərəf üçün tam qələbə yoxdur. Əgər bu qələbədirsə yalnız “Pir qələbəsi” ola bilər”.