“Prezident İlham Əliyevin Gürcüstana səfəri bir çox baxımdan xüsusi önəm və əhəmiyyət daşıyır. Bu gün Gürcüstan-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xarakteri daşıyır və bu səfər zamanı ikitərəfli münasibətlər yenidən müzakirə olundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində əlaqələrimiz daha da inkişaf edib və güclənir:
”Tərəflər enerji təhlükəsizliyi sahəsində, nəqliyyat və yükdaşıma sahəsində sıx əməkdaşlıq edir. Bu əlaqələrin inkişafı qarşıda duran əsas mühüm məsələlərdən biridir.
Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Siyasi əməkdaşlıq mövcuddur, ölkə rəhbərləri arasında münasibətlər yüksək səviyyədədir. İqtisadi əlaqələrimiz də inkişaf edib.
Bu gün bir sıra regional kəmərlər Gürcüstan ərazisindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər bir çox layihələr əlaqələrimizin daha da inkişafına və möhkəmlənməsinə töhfə verib. Bütün bu addımların əsas məqsədi əlaqələrimizin bütün istiqamətlərdə inkişafını təmin etməkdir. Bu səfərdən sonra əlaqələrimizin daha da inkişaf edəcəyi, güclənəcəyi və irəli gedəcəyi gözlənilir”.