"Bunun əksi baş verərsə, Azərbaycan Rusiyayla əlaqələrinə yenidən baxa bilər" - ŞƏRH EDİLDİ

7 Aprel 2026 16:23 (UTC+04:00)

"Ermənistan baş naziri Nikol Paşinya ilə Rusiya prezidenti Vladimir Putinin Kremldə görüşündə Qarabağ məsələsi yenidən gündəmə gəldi. Yəni, göründüyü kimi, Rusiya tərəfi hələ də Cənubi Qafqazda yeni siyasi nizamı qəbul etmək istəmir, əslində maraqlı deyil və Azərbaycanın daxili işlərinə qarışmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu da Azərbaycanın əldə etdiyi de-fakto sülhü pozmaq deməkdir:

"Yəni, Rusiya Azərbaycana regionda yaranmış sülh reallıqlarını qəbul etmək istəmir. Ona görə də müxtəlif vasitələrlə, Ermənistanın baş naziri ilə görüşdə də Qarabağla bağlı məsələlərin həll edilmədiyini bir növ mesaj kimi çatdırdı. Düşünürük ki, Rusiyanın bu mövqeyi Azərbaycan–Rusiya münasibətlərinə qarşı tərəfdən zərər gətirir. Amma Azərbaycan Rusiyanın qonşuluq və daxili işlərə qarışmamaq siyasətinə sadiqdir. Lakin təzyiqlər daim davam edir, sabotaj xarakterli addımlar atılır və eyni zamanda Ermənistanın Azərbaycana qarşı dolayı müharibə aparmasına dəstək verilir. Bütün resursları tükəndikdən sonra yenidən Qarabağ məsələsini gündəmə gətirirlər. Təbii ki, bu yol verilməzdir. Azərbaycan Xarici İşlər Nazirliyi də Rusiyaya rəsmi mövqeyini bildirib və qeyd edib ki, Rusiyanın bundan sonra atacağı addımlar yalnız regionda sabitliyə xidmət etməlidir. Əgər bunun əksi baş verərsə, Azərbaycan Rusiyayla əlaqələrinə yenidən baxa bilər".