Azərbaycan universitetlərində ümumi dərs modelinin tətbiqi nə dərəcədə mümkündür? - EKSPERT AÇIQLADI

7 Aprel 2026 15:56 (UTC+04:00)

Xarici ölkələrin bir çox universitetlərində tətbiq olunan tədris modelində bəzi fənlərin bütün tələbələr üçün ümumi şəkildə təşkili geniş yayılıb. Bu modelə əsasən, cədvəldə göstərilən dərsə eyni vaxtda çoxsaylı tələbə qatılır və dərs vahid formada keçirilir. Bəs, belə bir modelin bizim ali təhsil sistemimizdə tətbiqi nə dərəcədə realdır? Azərbaycan universitetlərində ümumi dərs modelinin tətbiqi nə dərəcədə mümkündür?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, bizdə ali təhsil müəssisələri artıq Bolonya sisteminə qoşulsa da, demək olmaz ki, tam Bolonya sistemi ilə fəaliyyət göstərir:

"Ənənəvi qaydalardan bəziləri hələ də qalmaqdadır. O ki qaldı ümumi fənlərin bir-iki qrup üzrə keçirilməsinə, bəli, bu ənənə bizdə də mövcuddur. Yenə də bəzi böyük ixtisaslarda, daha doğrusu, tələbə sayı çox olan fakültələrdə adətən belə hallar müşahidə olunur. Amma ümumilikdə, bilirsiniz, Azərbaycanda ixtisaslaşmaya qədər, məsələn, bir fənn üzrə tədris – deyək ki, tarix fənninin keçirilməsi və ya riyaziyyat, fizika, kimya kimi ümumi fənlər üzrə dərslər – böyük axın şəklində təşkil olunurdu. Yəni, 4–5 qrup birləşdirilərək bir yerdə tədris aparılırdı. Bu ənənə bizdə mövcud olub. Amma indi ixtisaslar o qədər xırdalanıb ki, bunları bir yerə toplamaq və əhatə etmək artıq problemə çevrilir. Ona görə də bugünkü ali təhsil sistemimiz nə tam Bolonya sistemidir, nə də əvvəlki ənənəvi qaydalarla idarə olunur. Yəni, hər universitet özünəməxsus qaydalar tətbiq edir və bu da təəssüf ki, ümumi tədrisin keyfiyyətinə müsbət təsir göstərmir".