"Azərbaycan münasibətlərinin yüksəliş istiqamətində inkişaf etməsi müsbət və sevindirici haldır. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra bu münasibətlər hələ tam pik nöqtəyə çatmasa da, artıq həmin istiqamətə doğru inamla irəliləyir. Məqsəd isə bu əlaqələrin daha da möhkəmlənərək zirvə nöqtəsinə çatmasıdır".
Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
.jpg)
Onun sözlərinə görə, tarix göstərir ki, güclü və qalib olan tərəf hər zaman daha cəlbedici olur. Məhz buna görə də müharibədən sonra Türkiyə-Azərbaycan tandemi daha da diqqət mərkəzinə düşdü və digər dövlətlər üçün cazibədar əməkdaşlıq modelinə çevrildi. Bu proses təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmadı, daha geniş regional əməkdaşlığa da təsir göstərdi.
Məsələn, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoydu və daha real siyasi güc kimi formalaşmağa başladı. Eyni zamanda Azərbaycan-Türkmənistan münasibətlərində müsbət irəliləyişlər əldə olundu, Xəzər dənizi ilə bağlı bəzi məsələlər öz həllini tapdı. Həmçinin Mərkəzi Asiyada, xüsusilə Özbəkistan və Qırğızıstan arasında mövcud olan problemlərin həlli istiqamətində də müsbət dinamika müşahidə olundu.
Bütün bunlar göstərir ki, regionda əməkdaşlıq, birlik və qarşılıqlı etimad güclənir və bu proses davam etdirilməlidir.
Bununla yanaşı, müəyyən narahatlıq doğuran məqamlar da mövcuddur. Son dövrlərdə bəzi dairələrdə Azərbaycan üçün seçim məsələsinin gündəmə gətirilməsi, xüsusilə Türkiyə ilə digər ölkələrin müqayisə olunması düzgün yanaşma deyil. Türkiyə Azərbaycan üçün alternativ deyil, strateji müttəfiq və qardaş dövlətdir. Bu münasibət seçim predmeti olmamalıdır.
Həm Azərbaycan, həm də Türkiyə cəmiyyətində bu dostluğu zəiflətmək istəyən qüvvələrin mövcudluğu da nəzərə alınmalıdır. Ona görə də bu cür dairələrə bəhanə verməmək, münasibətləri daha sağlam və möhkəm əsaslar üzərində qurmaq vacibdir.
Bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər xüsusi əhəmiyyət daşıyır. Bu cür təmaslar iki ölkə arasında qardaşlıq, dostluq və strateji müttəfiqliyi daha da gücləndirir, mövcud problemlərin həllinə töhfə verir.
Türkiyə-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edərək daha yüksək mərhələyə çatacaq və ortaq hədəflər istiqamətində daha sürətlə irəliləyəcək".