"Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri region üçün yalnız daxili siyasi hadisə deyil, həm də geosiyasi kontekstdə ciddi əhəmiyyət kəsb edir. Seçki ərəfəsindəki vəziyyət bir neçə mühüm tendensiya üzrə təhlil edilə bilər".
Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
.jpg)
Onun sözlərinə görə, iqtidar partiyası hazırda ölkədə əsas hakimiyyət institutlarını idarə edir və öz seçki kampaniyasını stabil iqtisadi və sosial inkişaf, eləcə də təhlükəsizlik məsələlərində əldə edilmiş müəyyən uğurlara əsaslandırmağa çalışır. Bununla belə, iqtidarın qarşısında duran çətinliklər də az deyil: "Ermənistana yönələn geosiyasi təzyiqlər və iqtisadi sınaqlar, xüsusilə Qarabağ müharibəsindən sonrakı daxili gərginlik fonunda hakimiyyətin əvvəlki ictimai dəstəyində qismən də olsa azalma müşahidə olunur.
Müxalifət isə əsasən iqtidarın xarici siyasət və daxili islahatlar sahəsindəki fəaliyyətini tənqid etməyə fokuslanıb. Onların əsas strategiyası seçicilərin narazılığından istifadə edərək öz siyasi mövqelərini gücləndirmək və mümkün koalisiyalar vasitəsilə parlamentdə nüfuz qazanmaqdır. Bununla belə, müxalifətin vahid platforma ətrafında birləşə bilməməsi, əsas fiqurlar kimi əvvəllər hakimiyyətdə olmuş və artıq geniş kütlə tərəfindən dəstəklənməyən şəxslərin önə çıxması onların iqtidarla müqayisədə daha zəif mövqedə qalmasına səbəb olur.
Hazırda seçki ərəfəsində tərəflər arasında sərt ritorika və kampaniyaların intensivləşməsi müşahidə olunur. Bu isə seçki günü potensial etiraz və qarşıdurma risklərini artırır.
Xarici təsir ehtimalları da nəzərə alınmalıdır. Ermənistan üçün ənənəvi regional oyunçular olan Rusiya və Avropanın seçki prosesinə müxtəlif səviyyələrdə maraq göstərəcəyi şübhə doğurmur. Rusiya ölkədaxili siyasi proseslərə təsir imkanlarını qoruyub saxlamağa çalışır və bu istiqamətdə müxtəlif vasitələrdən istifadə edə bilər. Avropa və ABŞ isə Qərbə inteqrasiya kursu elan etmiş Paşinyan hakimiyyətinin mövqelərinin qorunmasına dəstək vermək niyyətindədir.
Seçki ərəfəsində sosial media və informasiya mühiti də mühüm rol oynayır. Fərqli siyasi qüvvələr arasında informasiya mübarizəsinin güclənməsi, dezinformasiyanın və təbliğatın artması, həmçinin xarici media və sosial platformaların təsiri ictimai rəyin formalaşmasında əhəmiyyətli yer tutur. Bu amillər seçki prosesinin şəffaflığı və nəticələrin legitimliyi ilə bağlı ictimai narahatlıqları artırır.
Beləliklə, Ermənistanın parlament seçkiləri həm daxili siyasi sabitlik, həm də regional geosiyasi balans baxımından mühüm əhəmiyyət daşıyır".