“İnternet dövründə bir çox məhdudiyyətlər artıq nisbi xarakter daşıyır” - EKSPERT DANIŞDI

7 Aprel 2026 14:05 (UTC+04:00)

“Müasir qlobal iqtisadiyyat göstərir ki, kriptovalyutalar artıq sadəcə alternativ ödəniş vasitəsi deyil, eyni zamanda bir çox inkişaf etmiş ölkələrin maliyyə sistemində mühüm rol oynayan elementə çevrilmişdir. Bu gün müxtəlif əməliyyatlar, alqı-satqı prosesləri və investisiya layihələri rəqəmsal aktivlər üzərindən həyata keçirilir və iqtisadi inkişafın yeni texnoloji mərhələsini formalaşdırır”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, kriptovalyutaların tətbiqi maliyyə sektoruna innovasiyaların daxil olması, rəqəmsal texnologiyaların geniş yayılması və əmək bazarında yeni peşələrin yaranması ilə müşayiət olunur:

“Bu aktivlər həm sahibkarlıq fəaliyyətinin inkişafına, həm də iri layihələrin maliyyələşdirilməsinə xidmət edən yeni investisiya alətlərinin meydana çıxmasına şərait yaradır.

Bununla yanaşı, kriptovalyutalar müəyyən risklər də daşıyır. Xüsusilə kiberhücumların artması, dələduzluq halları və saxta investisiya təklifləri bu sahədə ciddi təhlükələr yaradır. Postsovet ölkələrində, o cümlədən Azərbaycanda maliyyə savadlılığının kifayət qədər olmaması, xüsusilə yaşlı nəsil arasında rəqəmsal təhlükəsizlik biliklərinin zəifliyi bu risklərin daha da artmasına səbəb olur. Bu isə davamlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini göstərir.

Beynəlxalq təcrübə sübut edir ki, dövlət tərəfindən düzgün və çevik tənzimləmə mexanizmləri tətbiq edildikdə kriptovalyutalar həm sahibkarlar, həm də ümumi iqtisadiyyat üçün yeni imkanlar yaradır. Bu imkanların reallaşması isə normativ bazanın keyfiyyətindən, təhlükəsizlik standartlarının səviyyəsindən və istifadəçilərin məlumatlılıq dərəcəsindən birbaşa asılıdır. Əks halda, düzgün tənzimləmə olmadıqda risklər, o cümlədən kiberhücumlar və maliyyə fırıldaqları arta bilər.

İnternet dövründə bir çox məhdudiyyətlər artıq nisbi xarakter daşıyır. Kriptovalyutadan istifadə etmək üçün istifadəçinin yalnız şifrələnmiş rəqəmsal açara sahib olması kifayətdir və bu, dünyanın istənilən nöqtəsindən əməliyyat aparmağa imkan verir. Bu baxımdan, dövlətlər üçün ən effektiv yanaşma kriptovalyutaları qadağan etmək deyil, onları düzgün idarə edən mexanizmlər formalaşdırmaqdır.

Kriptovalyutaların Azərbaycanda tətbiqi real və perspektivlidir. Lakin bu sahənin inkişafı yalnız kompleks tənzimləmə siyasəti, güclü təhlükəsizlik tədbirləri və əhalinin rəqəmsal savadlılığının artırılması ilə mümkün ola bilər. Bu şərtlər daxilində kriptovalyutalar ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verə bilər”