“Böyük Qayıdış proqramı uğurla icra edilir” - DEPUTAT DANIŞDI

7 Aprel 2026 13:35 (UTC+04:00)

”Böyük Qayıdış” və reinteqrasiya kontekstində təhlükəsizliyin təmin olunması, iqtisadi rifahın yaradılması və keçmiş məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması olduqca vacibdir. Ona görə də insanların həmin ərazilərə qayıdışından əvvəl onların həyat və sağlamlığı üçün təhlükə yaradan problemlər aradan qaldırılmalıdır”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, bu problemlərin ən başlıcası mina təhlükəsidir:

”Bildiyimiz kimi, müharibənin başa çatmasından cəmi altı il keçməsinə baxmayaraq, bu müddət ərzində çox böyük işlər görülmüşdür. Lakin əsas problemlərdən biri olan mina məsələsi hələ də tam həll olunmamışdır. Təxminən bir milyona yaxın mina mövcuddur və bu minaların təmizlənməsi uzun zaman tələb edir.

Düzdür, minalar tədricən təmizlənir və təhlükəsiz ərazilərin həcmi getdikcə artır. Bu ərazilərdə dərhal bərpa-quruculuq işləri aparılır, evlər, binalar tikilir, yeni şəhər və qəsəbələr salınır. Lakin mina probleminin həlli asan məsələ deyil. Kənardan baxanda bu proses sadə görünə bilər, amma reallıqda çox mürəkkəb və zaman aparan bir işdir.

Çünki torpaqları minalarla çirkləndirmək qısa müddətdə mümkündür. Hətta bir ay ərzində yüz minlərlə mina basdırmaq olar. Amma həmin minaların təmizlənməsi illər, hətta onilliklər tələb edir. Bunun üçün xüsusi texnika, peşəkar bilik və təcrübəyə malik mütəxəssislər lazımdır.

Bəzən ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələr “Böyük Qayıdış” proqramının gecikdiyini iddia edərək qarayaxma kampaniyası aparırlar. Lakin reallığa baxdıqda görürük ki, dövlət bu istiqamətdə əlindən gələni edir və qısa müddət ərzində böyük işlər görülmüşdür.

Xüsusilə Qarabağda həyata keçirilən infrastruktur layihələri – yolların, körpülərin, tunellərin tikintisi buna bariz nümunədir. Müasir tarixdə qısa müddət ərzində bu qədər genişmiqyaslı işlərin görüldüyü başqa bir nümunə tapmaq çətindir.

Bununla belə, müəyyən çətinliklər də mövcuddur. Məşğulluq problemi, təhlükəsizliyin tam təmin olunması və insanların həyat şəraitinin yaxşılaşdırılması əsas prioritetlərdəndir. İnsanlar həmin ərazilərə daha yaxşı həyat qurmaq üçün qayıdırlar və bu baxımdan onların rifahı təmin olunmalıdır.

Ümumilikdə, obyektiv yanaşdıqda, son altı il ərzində dövlətimiz çox böyük işlər görmüşdür. Ən önəmli məqamlardan biri də odur ki, bu işlər əsasən daxili imkanlar hesabına həyata keçirilir.

“Böyük Qayıdış” proqramı mərhələli şəkildə davam edəcək və yaxın illərdə daha da intensivləşəcək. Torpaqlarımıza qayıdan insanlar həmin ərazilərin inkişafına yeni töhfə verəcək, onları daha da abad və məhsuldar edəcəklər. Buna görə də biz “Böyük Qayıdış” proqramının tam həyata keçirilməsini səbirsizliklə gözləyirik”.