Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıya işgüzar səfəri zamanı Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə qrup görüşündə və Təşkilata üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentlərinin görüşündə iştirak edib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan hökuməti məlumat verib.
"Nəqliyyat və tranzit əməkdaşlığı məsələsinə diqqət yetirilib. Orta Dəhlizin statusunu gücləndirmək üçün bu il Qazaxıstan və Azərbaycan arasında hökumətlərarası sazişin imzalanması planlaşdırılır.
Oljas Bektenov Zəngəzur Dəhlizinin açılması nəzərə alınmaqla Transxəzər Nəqliyyat Marşrutunun (TCTR) daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu qeyd edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə yaradılan Türk Dövlətləri Təşkilatının Rəqəmsal Monitorinq Mərkəzi Orta Dəhlizin inkişafına əlavə təkan verə bilər.
Bu baxımdan təcili olaraq xüsusi işçi qrupunun yaradılması təklif edilib", - Qazaxıstan hökumətinin mətbuat açıqlamasında bildirilir.