"Cənab Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri həm iki ölkə arasında münasibətlərin inkişafı baxımından, həm də bütövlükdə regional inkişaf dinamikası və əməkdaşlıq baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımızın verdiyi açıqlamalar da mühüm siyasi mesajları özündə ehtiva edir. Münasibətlər dərinləşdirilir, eyni zamanda regionda formalaşan yeni geosiyasi reallıqlar xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstan arasında tarixə söykənən əlaqələr mövcuddur və bu əlaqələr regional aktorlar arasında bundan sonra formalaşdırılacaq münasibətlər baxımından da mühüm rol oynayır".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər qarşılıqlı etimada və siyasi dialoqa əsaslanır: "Bu gün Gürcüstanda mövcud olan siyasi sabitlik və əlverişli sərmayə mühiti Azərbaycan investorları üçün geniş imkanlar yaradır. Məhz bu səbəbdən Gürcüstan iqtisadiyyatına Azərbaycan investorları tərəfindən 3,7 milyard dollar həcmində sərmayə yatırılıb. Bu amil gələcək əməkdaşlığın perspektivlərini daha da genişləndirir. Siyasi baxımdan mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Bu isə yalnız iki ölkə üçün deyil, həm də region və regiona müdaxilə etmək istəyən aktorlara qarşı vahid və dayanıqlı mövqe baxımından vacibdir. Bu, beynəlxalq hüquqa əsaslanan prinsipial və ortaq mövqenin ifadəsidir.
Cənab Prezident İlham Əliyev çıxışında regionda formalaşan yeni geosiyasi reallıqlara xüsusi diqqət yetirdi. O qeyd etdi ki, Cənubi Qafqaz əməkdaşlıq regionuna çevrilməlidir və bu istiqamətdə atılan addımlar artıq təkcə bəyanatlarda deyil, real nəticələrdə də öz əksini tapır. Gürcüstanın tranzit aktor kimi çıxış etməsi bu proseslərdə mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan və Gürcüstan arasında illərdir həyata keçirilən layihələr və bu çərçivədə formalaşmış etimad mühiti gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Orta Dəhliz həm Azərbaycana, həm də Gürcüstana əlavə dividendlər qazandıracaq və hər iki ölkəni layihələrin mərkəzinə yerləşdirəcək. Bu baxımdan infrastrukturun genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır və regionun tranzit potensialını daha da artıracaq. Cənab Prezidentin bəyanatından bir daha aydın olur ki, iki ölkə arasındakı münasibətlər etimada və ortaq maraqlara əsaslanır. Bu isə nümunəvi tərəfdaşlıq modelidir. Bu model yalnız iki ölkə üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi, inkişafı və rifahı baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkənin birgə səyləri Cənubi Qafqazın daha dayanıqlı inkişafını təmin edəcək".