Qusarda növbəti Səyyar ASAN xidmət fəaliyyətə başlayıb

7 Aprel 2026 11:47 (UTC+04:00)

Səyyar ASAN xidmət avtobusu növbəti dəfə Qusar rayonunda fəaliyyətə başlayıb.

SİA-nın Şimal bürosunun məlumatına görə, Səyyar Asan xidmət avtobusu şəhərin Heydər Əliyev prospekti 119 B ünvanında vətəndaşlara xidmət göstərir.

Qeyd olunub ki, Qusarda ümumilikdə 26 dəfə Səyyar ASAN xidmət gerçəkləşib və 56 mindən çox vətəndaş müraciəti daxil olub.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyon 321 mindən çox, 2025-ci il ərzində isə 173 200-dən çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 səyyar avtobus vasitəsilə xidmət göstərilir.

Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.