Gündəlik həyatın sürəti, stress və müxtəlif psixoloji faktorlar bəzən insanları ən dəyərli şey - sağlamlıq qarşısında belə laqeyd edir. Çoxları riskləri bilsə də, yenə də özünə zərər verən davranışlardan imtina etmir. Bəs, görəsən bunun səbəbi nədir?
Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, şəhər mühitində yaşayan insanların stressi, həyatın sürətinə çatmaq istəyi və digər psixoloji faktorlarla üzləşməsi daha çox müşahidə olunur:
“Amma regionlarda yaşayan insanlarda bu hallar nisbətən azdır. Bəzən isə insanlar məcburən həyatın sürətinə uyğunlaşmaq üçün bu axına qoşulurlar və bu da onların həm fiziki, həm də psixoloji sağlamlığına təsir edir.
Təəssüf ki, əgər bu axına qoşulmasalar, cəmiyyətdən və inkişafdan geri qalacaqlarını düşünürlər və bunun fərqində olmaq da əlavə stress yaradır.
Düşünürəm ki, insanlar niyə bu stresdən və həyatın sürətinə çatmaq uğrunda riskli davranışlardan imtina edə bilmirlər? Çünki bu dövrdə cəmiyyətdən geri qalmaq qorxusu və məlumatlılıq səviyyəsinin yetərli olmaması kimi faktorlar daha çox rol oynayır. Buna görə də insanlar məcburən özlərini bu stresə və sürətli həyata uyğunlaşdırmağa çalışırlar.
Bu vəziyyət daha çox şəhər mühitinə xasdır. Regionlarda həyatın tempi bu qədər yüksək deyil. Amma stress baxımından regionlarda da problemlər mövcuddur. Orada özünəməxsus sosial çətinliklər, məsələn işsizlik kimi faktorlar insanlarda stress yarada bilir.
Şəhər mühitində isə stressin əsas səbəbləri insanlararası münasibətlərdə gərginlik, aqressiya, tıxaclar və həyatın sürətinə çatmaq istəyinin daha güclü olmasıdır”.