“Mən yaşayacağam!”

6 Aprel 2026 18:54 (UTC+04:00)

...Rusiyalı bloqçu Lerçek (əsl adı Valeriya Çekalina – A.B.) parik taxıb körpəsini qucaqlayaraq izləyicilərinə müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, sevgilisi Luis Skviççiarini (Argentinadan olan rəqqas, rəqs ustası və xoreoqrafdır-A.B.) onun videosunu sosial media səhifəsində paylaşıb. Çoxuşaqlı ana göz yaşları içində hər kəsə dəstəklərinə görə təşəkkür edərək, sağalacağına söz verib.

...Mən sadəcə göndərdiyiniz hər sözü, bütün enerjini hiss edirəm. Mən bu həyatı çox sevirəm və mütləq dualarınızda yaşayacağam!

Bunu Çekalina deyib.

Qeyd edək ki, bu ilin mart ayında, Valeriya dördüncü uşağını dünyaya gətirməsindən dərhal sonra, ona dördüncü mərhələ mədə xərçəngi diaqnozu qoyulub. Xəstəlik artıq metastazlaşaraq onurğa və kəllə sümüklərinə təsir edib. Sümüklərin məhv olması səbəbindən Valeriya iki fəqərəsini sındırıb və hərəkət etməsini çətinləşdirib. O, həmçinin sağ gözündən tamamilə kor olub.

Onu da qeyd edək ki, bəzi rus saytları Valeriyanın İstintaq Komitəsinə hüquq-mühafizə orqanlarının hərəkətlərinin araşdırılması tələbi ilə şikayət ərizəsi təqdim etdiyini bildirmişdi.

Bloqqerin sözlərinə görə, ev dustaqlığında olduğu müddətdə müstəntiqlər onun tibbi müayinələrinə mane olublar.

Çekalina iddia edir ki, bu, həkimlərin onun xəstəliyini erkən aşkar etməsinə mane olub.

Lakin polis artıq Lerçekin iddiasını təkzib edib. Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidməti bloqqerin və vəkillərinin dövlət tibb müəssisələrinə baş çəkmək üçün bütün xahişlərinin təmin edildiyini açıqlayıb.

Nazlı Almuradova