“Məsud Pezeşkianın İlham Əliyevə telefon zəngi edərək Azərbaycanın göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirməsi Bakı-Tehran münasibətlərində müsbət diplomatik jest kimi qiymətləndirilə bilər. Bu hadisə iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli olmaqla yanaşı, regionda formalaşan mürəkkəb geosiyasi şəraitdə qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi də dəyərləndirilir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində humanitar yardım təkcə sosial dəstək vasitəsi deyil, eyni zamanda “yumşaq güc” aləti kimi də çıxış edir. Azərbaycanın İrana göstərdiyi humanitar yardım məhz bu kontekstdə, mehriban qonşuluq, regional əməkdaşlıq və humanitar məsuliyyət prinsiplərinə əsaslanan siyasətin tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Bu addım, bir tərəfdən, iki ölkə arasında mövcud əlaqələrin humanitar müstəvidə genişləndirilməsinə xidmət edir, digər tərəfdən isə regionda qarşılıqlı asılılığın və əməkdaşlıq mühitinin gücləndirilməsinə töhfə verir.
Xüsusilə qeyd etmək lazımdır ki, regionda son dövrlərdə müşahidə olunan geosiyasi gərginliklər fonunda belə təşəbbüslər dialoq və qarşılıqlı anlaşma kanallarının açıq saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan tərəfinin humanitar yardımı davam etdirməyə hazır olduğunu bəyan etməsi ölkənin yalnız milli maraqlara əsaslanan deyil, eyni zamanda regional sabitliyi nəzərə alan praqmatik xarici siyasət kursu apardığını göstərir.
Bakı–Tehran münasibətləri tarixən müxtəlif mərhələlərdən keçsə də, son dövrdə qarşılıqlı əlaqələrin daha çox praqmatik əməkdaşlıq çərçivəsində inkişaf etdiyi müşahidə olunur. Humanitar sahədə əməkdaşlıq isə bu münasibətlərin daha dayanıqlı və uzunmüddətli əsaslar üzərində qurulmasına şərait yaradır. Bu tip təşəbbüslər tərəflər arasında etimad mühitinin güclənməsinə və gələcəkdə iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradır.
Azərbaycanın həyata keçirdiyi humanitar siyasət onun beynəlxalq münasibətlər sistemində məsuliyyətli və etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bu siyasətin əsas prioritetlərindən biri regionda sabitliyin qorunması, gərginliyin eskalasiyasının qarşısının alınması və əməkdaşlıq mühitinin təşviq edilməsidir. Belə yanaşma həm regional təhlükəsizliyə töhfə verir, həm də Azərbaycanın qlobal miqyasda nüfuzunun artmasına xidmət edir”.