"Qidalanmadan sonra körpəni dik vəziyyətdə saxlamaq faydalıdır"

6 Aprel 2026 14:18 (UTC+04:00)

"Kolik sağlam körpədə müşahidə olunan, səbəbi tam izah olunmayan intensiv ağlama epizodlarıdır. Adətən gündə üç saatdan çox, həftədə ən azı üç gün və üç həftədən artıq davam edən ağlamalar kolik kimi qiymətləndirilir".

Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

Onun sözlərinə görə, bu körpələr digər vaxtlarda tam normal görünə bilər: "Körpələrdə bu problemin yaranmasının bir neçə mümkün səbəbi var. Həzm sisteminin hələ tam inkişaf etməməsi, bağırsaqlarda qaz toplanması, əmizdirmə zamanı artıq hava udulması, süni qidalara qarşı həssaslıq və sinir sisteminin yetkin olmaması kolikin əsas səbəbləridir. Problem tək səbəbdən yox, çox vaxt bir neçə faktorun birləşməsindən yaranır.

Kolik və qaz sancıları olan körpələrdə adətən aşağıdakı əlamətlər müşahidə olunur. Ayaqlarını qarnına doğru çəkmə, qarnında gərginlik və şişkinlik, qəfil və yüksək səslə ağlama, qaz çıxardıqdan sonra rahatlama, yuxu və qidalanma rejiminin pozulması koliklə bağlı simptomlardır. Əgər bu əlamətlər xüsusilə günün eyni saatlarında təkrarlanırsa, kolik ehtimalı yüksəkdir.

Bu problemi tamamilə aradan qaldırmaq hər zaman mümkün olmasa da, əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Əmizdirmə texnikasına diqqət etmək, körpənin az hava udmasına çalışmaq, hər qidalanmadan sonra qazını çıxarmaq üçün dik vəziyyətdə saxlamaq, qarın nahiyəsinə saat əqrəbi istiqamətində yüngül masaj etmək, ilıq vanna və ya qarına isti tətbiq etmək, ayaqları “velosiped” hərəkətləri ilə yumşaq şəkildə hərəkət etdirmək faydalıdır. Süni qida istifadə olunursa, uyğun qidanı seçmək üçün pediatrla məsləhətləşmək lazımdır. Körpəni qucaqda sakit şəkildə yelləmək və ağ səslər, tozsoran və fen səsi kimi səs vasitələrindən istifadə etmək də rahatlaşdırıcı təsir göstərə bilər. Lactobacillus reuteri tərkibli probiotiklərin qaz sancılarını azaltdığı göstərilib.

Valideynlərin çoxu “möcüzəvi damcı” axtarır, amma belə universal həll yoxdur. Əsas effekt düzgün texnika və səbrdən gəlir.

Aşağıdakı hallarda pediatr müayinəsi mütləqdir. Körpə qidalanmaqdan imtina edirsə, qusma, ishal və ya qəbizlik varsa, çəki artımı zəifdirsə, ağlama adi kolikdən fərqli və çox şiddətlidirsə, qızdırma müşahidə olunursa dərhal həkimə müraciət edilməlidir".