Ticarət obyektlərinin səkini zəbt etməsi piyada təhlükəsizliyinə necə təsir göstərir? - VƏKİL AÇIQLADI

6 Aprel 2026 13:49 (UTC+04:00)

“Son illərdə Bakı şəhəri və ətraf ərazilərdə şəhər mühitinin ən ciddi problemlərindən biri piyada infrastrukturunun məqsədinə uyğun istifadə olunmaması, xüsusilə də, səkilərin müxtəlif ticarət obyektləri tərəfindən zəbt edilməsidir. Bu məsələ artıq təkcə məişət narahatlığı deyil, həm də hüquqi və ictimai təhlükəsizlik müstəvisində qiymətləndirilən bir problemə çevrilmişdir. Məhz bu baxımdan “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir”.

Bu sözləri SİA-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.


O bildirib ki, bu Sərəncamın əsas məqsədlərindən biri nəqliyyat sisteminin optimallaşdırılması ilə yanaşı, şəhər məkanında bütün hərəkət iştirakçılarının – o cümlədən piyadaların hüquqlarının qorunmasıdır:

“Dövlət proqramında piyadalar üçün təhlükəsiz və fasiləsiz hərəkət mühitinin yaradılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Bu isə birbaşa olaraq səkilərin təyinatına uyğun istifadəsini hüquqi tələb səviyyəsinə qaldırır.

Ticarət obyektlərinin səkini zəbt etməsi ilk növbədə vətəndaşların sərbəst hərəkət hüququnu məhdudlaşdırır. Səki piyadalar üçün nəzərdə tutulmuş ictimai sahədir və onun kommersiya məqsədilə istifadə edilməsi yalnız qanunvericiliyin müəyyən etdiyi çərçivədə mümkündür. Əks halda, bu cür müdaxilə hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Praktikada isə tez-tez rast gəlinir ki, obyektlər malları, stol və avadanlıqları səkiyə çıxararaq piyadaları avtomobil yoluna yönəldir. Bu isə artıq yalnız narahatlıq deyil, birbaşa həyat və sağlamlıq üçün risk yaradır.

Gündəlik həyatda bu vəziyyət özünü çox konkret problemlərlə göstərir: piyadalar dar keçidlərdə sıxlıq yaşayır, valideynlər uşaq arabası ilə hərəkət edə bilmir, əlilliyi olan şəxslər üçün mühit əlçatmaz olur. Nəticədə şəhərdə inklüzivlik prinsipi pozulur. Dövlət proqramının fəlsəfəsi isə əksinə, hər kəs üçün əlçatan və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasına yönəlib.

Hüquqi baxımdan məsələ daha dərindir. Səkilərin zəbt edilməsi yalnız inzibati xəta deyil, həm də dövlətin təsdiq etdiyi strateji sənədlərin icrasına maneə yaradan davranışdır. Bu isə o deməkdir ki, artıq məsələ fərdi sahibkar–vətəndaş mübahisəsi deyil, ictimai marağın qorunması məsələsidir. Dövlət proqramı çərçivəsində yerli icra hakimiyyətlərinin və aidiyyəti qurumların üzərinə düşən əsas vəzifələrdən biri də məhz bu cür halların qarşısının alınması, nəzarətin gücləndirilməsi və şəhər məkanının funksional bölgüsünün təmin edilməsidir.

Bu kontekstdə yerli icra orqanları tərəfindən inzibati nəzarətin gücləndirilməsi, qanunsuz yerləşdirilmiş obyektlərin yığışdırılması, cərimə mexanizmlərinin effektiv tətbiqi və normativ tələblərin praktik icrası vacibdir. Eyni zamanda, sahibkarlar da anlamalıdırlar ki, səki onların kommersiya sahəsi deyil, ictimai istifadədə olan məkandır və bu məkanın zəbt edilməsi uzunmüddətli perspektivdə həm hüquqi məsuliyyət, həm də reputasiya riski yaradır.

Nəticə etibarilə, qeyd olunan Dövlət Proqramı şəhər mühitinə yanaşmada yeni mərhələnin başlanğıcını qoyur. Bu mərhələdə əsas prinsip çox aydındır: şəhər ilk növbədə insan üçündür. Piyadaların təhlükəsizliyi və rahatlığı təmin edilmədən nə müasir nəqliyyat sistemindən, nə də inkişaf etmiş urban mühitdən danışmaq mümkündür. Səkilərin qanunsuz zəbt edilməsi isə bu məqsədlə ziddiyyət təşkil edən əsas maneələrdən biridir və onun aradan qaldırılması artıq hüquqi zərurətə çevrilmişdir”.

Ayşən Vəli