"Təbiətin bu cür şıltaqlığı hər birimizdən daha məsuliyyətli və səfərbər olmağı tələb edir. Doğrudur, biz müvafiq dövlət qurumlarını, bələdiyyələri və digər məsul strukturları tənqid edirik və bu da müəyyən mənada haqlıdır. Lakin unutmamalıyıq ki, son günlər normadan artıq yağıntı qeydə alınıb".
Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2)_(1)_(1).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Rayonlarda vəziyyət heç də fərqli deyil. Həyətlər, bağ sahələri, evlər, hətta yollar belə su altında qalıb. Xüsusilə drenaj sisteminin nəzərdə tutulmadığı ərazilərdə vəziyyət bəzi hallarda fəlakət həddinə çatır. Bu baxımdan təkcə Bakı şəhərində deyil, digər rayon mərkəzlərində də oxşar problemlərin yaşanması təbiidir.
Bununla belə, mühüm məqamı qeyd etməliyik: Bakı şəhəri relyef baxımından xüsusi üstünlüyə malikdir. Şəhərin dənizə doğru maili olması yağış və drenaj sularının axıdılmasını texniki baxımdan daha asan etməlidir. Bu səbəbdən paytaxtda gölməçələrin yaranması artıq ciddi qüsur kimi qiymətləndirilməlidir.
Hazırkı şəraitdə Nazirlər Kabinetinin operativ şəkildə toplaşması, qərarlar qəbul etməsi və tapşırıqlar verməsi əlbəttə ki, zəruri və vaxtında atılmış addımdır. Lakin əsas məsələ bundan sonrakı mərhələdə düzgün nəticə çıxarmaqdır. Gələcəkdə bu kimi intensiv yağıntılar zamanı hazırlıqsız yaxalanmamaq üçün qabaqlayıcı tədbirlər gücləndirilməlidir.
Xüsusilə qeyd edilməlidir ki, Bakı şəhərində və digər bölgələrdə həyata keçirilmiş nəzarətsiz tikintilər də bu problemlərin yaranmasına ciddi təsir göstərir. Bəzi hallarda torpaqlar plansız şəkildə satılıb, tikinti zamanı mövcud drenaj və kanalizasiya xətləri kəsilib və ya sıradan çıxarılıb. Bu kimi hallara göz yuman və şərait yaradan bütün məsul şəxslər cavabdehlik daşımalıdır.
Eyni zamanda vətəndaşların məsuliyyəti də az deyil. Fərdi yaşayış evi tikərkən ərazinin xüsusiyyətləri, yeraltı kommunikasiya xətləri və mümkün su basma riskləri əvvəlcədən araşdırılmalıdır. Sel və leysan ehtimalı olan ərazilərdə tikililər müvafiq şəkildə – yerdən hündür, dayaqlar üzərində inşa olunmalıdır.
Bütün bu məsələlər fonunda nəzərə almalıyıq ki, ölkəmiz Dünya Şəhərsalma Forumu ərəfəsindədir. Bu isə şəhərsalma, infrastruktur və dayanıqlı inkişaf məsələlərinin daha geniş və sistemli şəkildə müzakirə olunmasını zəruri edir.
Bu cür təbii hadisələr həm mövcud problemləri göstərir, həm də gələcək üçün daha düzgün planlama aparmaq imkanı yaradır. Əsas məqsəd isə bu dərslərdən nəticə çıxararaq daha dayanıqlı və təhlükəsiz şəhər mühiti formalaşdırmaqdır".