"Təxminən 15 il əvvəl bu sual verilsəydi, qloballaşma daha çox müsbət və mənfi tərəfləri olan, dünyada gedən geosiyasi və geoiqtisadi proseslərin təbii mərhələsi kimi dəyərləndirilərdi. Doğrudur, qloballaşma inkişaf etdikcə milli dəyərlərə müəyyən təsirlər göstərdi, bəzi hallarda isə bu dəyərlərin zəifləməsinə səbəb oldu".
Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
.jpg)
Onun sözlərinə görə son 5 ildə baş verən hadisələr -xüsusilə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginliklər, ABŞ, Avropa və digər güc mərkəzləri arasında qarşıdurmalar - göstərdi ki, nəzəri olaraq irəli sürülən “qloballaşma”, “multikulturalizm”, “sivilizasiyaların inteqrasiyası” kimi anlayışlar praktik siyasətdə tam fərqli şəkildə tətbiq olunur.
Əlbəttə, bu bütün siyasətçilərə və hərbçilərə aid deyil. Müharibəyə qarşı çıxan, sülhü müdafiə edən qüvvələr də mövcuddur. Amma ümumi mənzərə onu göstərir ki, qloballaşma tam və ideal bir model deyil. Bəzən bu anlayış müxtəlif maraqların və strateji planların həyata keçirilməsi üçün istifadə olunur.
Qloballaşma çərçivəsində texnologiyaların sürətli inkişafı - internet, sosial şəbəkələr, süni intellekt - insan həyatına böyük təsir göstərib. Lakin bütün cəmiyyətlər bu dəyişikliklərə eyni səviyyədə hazır deyil. Xüsusilə təhsil, elm və mədəni inkişafın zəif olduğu cəmiyyətlərdə bu proseslər milli və mənəvi dəyərlərə mənfi təsir göstərə bilər.
Eyni zamanda qloballaşma dini və ideoloji təsirlərin yayılmasına da şərait yaradıb. Müxtəlif radikal dini cərəyanların və ideoloji axınların fərqli ölkələrə yayılması bu prosesin mənfi tərəflərindən biri kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, qloballaşmanın müsbət tərəfləri də var. Azərbaycan kimi ölkələr beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, mədəniyyətini və dəyərlərini dünyaya tanıtmaqla bu prosesdən faydalana bilir. Məsələn, Avropa Oyunları, Beynəlxalq Muğam Müsabiqəsi, Formula 1 Azərbaycan Qran Prisi Azərbaycanın qlobal proseslərdə fəal iştirakının nümunəsidir.
Bundan əlavə, enerji resurslarının dünya bazarına çıxarılması, beynəlxalq təşkilatlarda aktiv iştirak, multikulturalizm modelinin təşviqi də qloballaşmanın müsbət tərəflərindən yararlanmağın göstəricisidir.
Əsas sual budur: qloballaşma fərdi səviyyədə hər kəsə eyni dərəcədə fayda verirmi? Texnologiya, onlayn təhsil və rəqəmsal iqtisadiyyat kimi imkanlar mövcud olsa da, hər kəs bu imkanlardan effektiv istifadə edə bilmir. Bəzi hallarda cəmiyyətlər bu yenilikləri tam mənimsəyə bilmir və nəticədə potensial imkanlar reallaşdırılmır.
Bu baxımdan, qloballaşmanın mənfi təsirlərindən qorunmaq üçün əsas yol təhsilin, elmin və texnologiyanın inkişafıdır. Cəmiyyətin intellektual səviyyəsi yüksəldikcə insanlar qlobal prosesləri daha düzgün dərk edir və onlardan faydalı şəkildə istifadə edə bilir.
Qloballaşma nə tam müsbət, nə də tam mənfi bir prosesdir. Onun təsiri cəmiyyətlərin hazırlıq səviyyəsindən, milli siyasətdən və insanların bilik və dünyagörüşündən asılıdır. Əsas məqsəd isə qloballaşmanın müsbət tərəflərindən maksimum yararlanmaq və milli-mənəvi dəyərləri qorumaq arasında düzgün balans qurmaqdır".