Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılıb.
SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.
Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şosesindən istifadə etmələri xahiş olunur.
“Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür”, - deyə məlumatda vurğulanıb.