“İri və xırdabuynuzlu heyvanlar azalsa da, istehsal artır” - EKSPERT DANIŞDI

6 Aprel 2026 12:21 (UTC+04:00)

“Azərbaycanda heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən olunması məsələsi gündəmə gəlib. Bu məsələ Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyət hesabatında öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, son illərdə iri və xırdabuynuzlu heyvanların sayı müəyyən qədər azalsa da, heyvandarlıq məhsullarının istehsalında artım müşahidə edilir. Bu da onu göstərir ki, dövlət daha çox say artımına deyil, ətlik və südlük heyvanların keyfiyyətli yetişdirilməsinə üstünlük verir”.
Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, erkən kəsimin qarşısının alınması kənd təsərrüfatı baxımından faydalı sayılsa da, bu məsələnin qanunla sərt şəkildə tənzimlənməsi bəzi hallarda artıq müdaxilə kimi qiymətləndirilə bilər. Çünki vətəndaşın öz mülkiyyətində olan heyvan üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılması hüquqi və etik mübahisələr doğurur.

Xüsusilə kənd yerlərində yaşayan insanlar heyvanların saxlanması və satışı ilə bağlı qərarları öz iqtisadi imkanlarına, yem ehtiyatına və digər şərtlərə uyğun şəkildə verirlər. Yaş həddinin tətbiqi isə əlavə xərclər yarada və bəzi hallarda qeyri-rəsmi yolların axtarılmasına səbəb ola bilər.

Buna görə də mütəxəssislər hesab edirlər ki, sərt qadağalar tətbiq etməkdənsə, fermerlərin maarifləndirilməsi, onlara maliyyə və texniki dəstəyin göstərilməsi, həmçinin düzgün yemləmə və saxlanma şəraitinin təşviqi daha effektiv və balanslı yanaşma ola bilər. Bu üsul həm məhsuldarlığı artırar, həm də sosial narazılığın qarşısını alar”.