“Bazarlarda bolluq olsa da, alıcı qıtlığı qiymətlərə təsir göstərir” - EKSPERT DANIŞDI

6 Aprel 2026 11:54 (UTC+04:00)

”Yağıntılardan əvvəl də bazarlarda və marketlərdə müəyyən qiymət artımı müşahidə olunurdu. Halbuki bazarlarda məhsul bolluğu hiss olunsa da, alıcı qıtlığı diqqət çəkən əsas məqamlardan biridir. Bu vəziyyət əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və qiymətlərin real tələbatla tam uyğunlaşmaması ilə izah olunur”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, yağıntıların normadan artıq olması məsələsinə gəldikdə isə, bu hal daha çox paytaxt Bakı və onun ətraf ərazilərində müşahidə olunmuşdur. Həddindən artıq yağıntı bəzi kənd təsərrüfatı sahələrinə ziyan vuraraq məhsuldarlığın azalmasına müəyyən təsir göstərmişdir. Lakin bu amil qiymət artımının yeganə səbəbi kimi qiymətləndirilə bilməz.

Hazırda qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri məhsulların parnik şəraitində yetişdirilməsi və bununla bağlı xərclərin artmasıdır. Bundan əlavə, bəzi hallarda bazarda süni qiymət artımı hallarının olması da qiymətlərin yüksəlməsinə təsir edir. Bu faktorlar birlikdə bazarda qiymətlərin real vəziyyətdən daha yüksək olmasına gətirib çıxarır.

Digər tərəfdən, əgər gələcəkdə məhsuldarlıq azalarsa və ya bazarda qıtlıq yaranarsa, idxal imkanlarından istifadə etməklə qiymətləri və tələbatı tənzimləmək mümkündür. Bu yanaşma bazarda tarazlığın qorunmasına, əhalinin tələbatının ödənilməsinə və kəskin qiymət artımlarının qarşısının alınmasına kömək edə bilər”.