"Mina ilə mübarizə artıq milli siyasətin tərkib hissəsidir" - POLİTOLOQ DANIŞDI

4 Aprel 2026 15:43 (UTC+04:00)

"Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində formalaşdırdığı model artıq təkcə milli təhlükəsizlik siyasətinin elementi deyil, post-münaqişə idarəçiliyində “case study” kimi diqqət çəkən bir yanaşmadır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, burada söhbət yalnız ərazilərin fiziki təmizlənməsindən getmir, paralel şəkildə institusional idarəetmə, texnoloji innovasiya və sosial reinteqrasiyanın sinxron qurulmasından gedir: "Azərbaycan bu sahədə mərkəzləşdirilmiş və çevik idarəetmə modeli formalaşdırıb. Mina təmizləmə fəaliyyətlərinin vahid koordinasiya altında həyata keçirilməsi resursların səmərəli bölüşdürülməsinə və operativ qərarverməyə imkan yaradır. Bu yanaşma bir çox post-münaqişə ölkələrində müşahidə olunan pərakəndəlik problemini aradan qaldıran mühüm üstünlük kimi çıxış edir.

Texnologiyanın tətbiqi məsələsində Azərbaycan kifayət qədər praqmatik və irəliləyiş yönümlü davranır. PUA-ların, süni intellekt əsaslı xəritələmə sistemlərinin və müasir mexaniki təmizləmə vasitələrinin istifadəsi prosesi həm sürətləndirir, həm də insan itkilərini minimuma endirir. Bu yanaşma göstərir ki, klassik metodlarla yanaşı innovativ həllər də paralel şəkildə tətbiq olunmalıdır.

Mina təmizlənməsi prosesi Azərbaycanda təkcə texniki əməliyyat kimi deyil, Böyük Qayıdış strategiyasının ayrılmaz hissəsi kimi qurulub. Bu çərçivədə təmizləmə, infrastrukturun bərpası, məskunlaşma və iqtisadi fəaliyyət zənciri sistemli şəkildə formalaşdırılıb və mərhələlər arasında davamlı əlaqə təmin olunub.

Azərbaycan mina problemini beynəlxalq gündəmdə aktiv şəkildə qaldıraraq onu qlobal təhlükəsizlik və humanitar məsələ kimi təqdim edir. Bu yanaşma həm siyasi təzyiq imkanlarını artırır, həm də beynəlxalq tərəfdaşlıq müstəvisində yeni imkanlar yaradır.

Azərbaycanın təcrübəsi göstərir ki, mina ilə mübarizə yalnız sahədə aparılan texniki iş deyil; bu, dövlətin strateji planlaşdırma qabiliyyətinin, texnoloji adaptasiya səviyyəsinin və siyasi iradəsinin kompleks ifadəsidir. Bu model yaxın illərdə qlobal səviyyədə nümunə kimi diqqət çəkmək potensialına malikdir".