Akademik düşüncəmizin bayramı - "Elm Günü" - MÖVQE

4 Aprel 2026 11:55 (UTC+04:00)

Sənan Həsənov — Akademik düşüncəmizin bayramı — "Elm Günü"

"9 aprel 2018-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 27 mart ölkəmizdə “Elm Günü” kimi təsis edilmişdir. Sərəncam elmin, alimlərin, akademik düşüncəsinin əhəmiyyətini ifadə etməklə, elmi biliklərin həm də milli sərvətimiz kimi təşviqinə göstərilən diqqətdir".

Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Fəlsəfə İnstitutu üzrə təşkilat sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Ulu Öndər Heydər Əliyev irsinin tədqiqatçısı Sənan Həsənov deyib. Onun sözlərinə görə, 27 mart tarixi elm adamlarının, bütövlükdə ölkəmizin intellektual potensialına töhfə verən və bu sahədə fəaliyyət göstərən hər kəsin peşə bayramı olaraq tariximizdə yer alıb, rəsmiləşib: "Sərəncamla cəmiyyətimizə bir daha çatdırılmışdır ki, intellektual potensialla dövlətin həyata keçirdiyi siyasət çox bağlıdır və elm ümummilli miqyasda inkişafın alternativsiz vasitəsi, strateji xəttidir.

Elmi innovasiyaların yeni dövrün tələblərinə uyğunlaşdırılması, elmi fəaliyyətin dövlət siyasəti ilə qarşılıqlı şəkildə koordinasiya edilməsi ölkəmizin yeni inkişaf modelinə keçiddə çox böyük rol oynayıb. Yeni dövrün reallıqları həm də onu göstərdi ki, bütün sahələrdə olduğu kimi, milli ideologiya, milli kimlik, mədəni və mənəvi dəyərlərə yanaşmada elmin vəzifələri indi daha da artıb.

2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin proqram xarakterli çıxışı bu vəzifələrin yerinə yetirilməsində yeni mərhələnin əsasını qoydu. Ölkəmizin ali elmi təşkilatı olaraq AMEA-nın bütün strukturlarla sıx şəkildə fəaliyyət göstərməsi yeni dövrün zəruri tələbi kimi qarşıya qoyuldu. Bu çağırışlar dilimizin, tariximizin, milli ideologiyamızın gələcəyi üçün elmi fəaliyyətin səfərbər olunmasını və Azərbaycan elminin qarşısında duran yeni tarixi vəzifələrin həll edilməsinə dəstəyi ifadə etmişdir.

Çünki regionda və dünyada baş verən proseslər göstərir ki, zəngin milli və intellektual sərvətlərimizə qarşı hər zaman olduğu kimi, bu gün də hücumlar, kölgə salmaq cəhdləri var. Belə cəhdlərin qarşısının alınmasında elmin və elm adamlarının düşüncəsi, zəkası güclü vasitədir.

Böyük ənənəsi ilə xalqımızın milli sərvəti olan AMEA-nın ölkəmizin intellektual potensialının formalaşmasındakı rolu və dövlətimizin yanında olması cəmiyyətimizə aydın olan həqiqətdir. Məhz bu istiqamətdə elmin koordinasiya edilməsi və yeni hədəflərin elmi əsaslarının müəyyənləşdirilməsi yeniləşən Akademiyanın ən böyük vəzifəsidir.

Bu vəzifələr AMEA-nın “2025–2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin bölmələrində və bu konsepsiyanın həyata keçirilməsini zəruri edən amillərdə əksini tapmışdır. Bu konsepsiya elmi dövlət siyasətinin yeni istiqamətləri ilə daha da sıx şəkildə bağlayır, onun yerini, məqsəd və vəzifələrini aydın şəkildə önə çıxarır.

Bütün bunlar elmin və akademik düşüncənin xalqımız, dövlətimiz üçün nə qədər önəm kəsb etdiyini göstərir. Dəyərli həmkarlarımızı “Elm Günü” münasibətilə təbrik edir, güclü Azərbaycan naminə səmərəli elmi fəaliyyət arzulayıram".