İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzinin (CICETE) nümayəndə heyəti ilə görüş keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, AZPROMO-dan bildirilib ki, görüşdə Azərbaycanla Çin arasında ticarət və investisiya əlaqələri barədə məlumat verilib.
Qeyd edilib ki, sərgi və tədbirlərin təşkilini həyata keçirən CICETE Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisinin (CIFTIS) təşkilatçısı qismində də çıxış edir. Bu çərçivədə Azərbaycan şirkətlərinin bu ilin 9-13 sentyabr tarixlərində Pekin şəhərində keçiriləcək sərgidə iştirak imkanları ətrafında müzakirə aparılıb.
Görüş zamanı müvafiq sahələr üzrə yerli kadrların təkmilləşdirilməsi məqsədilə CICETE tərəfindən təşkil olunan təlim proqramlarına, o cümlədən Çin bazarı və marketinq strategiyalarına dair sessiyalara cəlb edilməsi perspektivləri nəzərdən keçirilib.