Gənclər arasında həddindən artıq düşünmə geniş yayılmış psixoloji hallardan birinə çevrilib. Xüsusilə sürətli informasiya axını, sosial şəbəkələrin təsiri və gələcəklə bağlı qeyri-müəyyənlik bu vəziyyəti daha da gücləndirir. Bəs, həddindən artıq düşünmənin əsas səbəbləri nələrdir?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, gənclər arasında həddindən artıq düşünməyin əslində psixoloji olaraq çox normal bir hal olduğunu deyib:
“Çünki düşünməyin daxilində insan, ilk olaraq, “mən” konsepsiyasına uyğun addımlar atır. “Mən kiməm?” sualının cavabını əvvəlcə özü üçün tapmağa çalışır və bunu analiz etməyə başlayır. Bu proses zamanı emosional durumunda baş verən halları başqaları analiz etdiyi kimi deyil, insan özü daxilində təhlil edir. Bəzən isə görür ki, düşüncələrini başqaları analiz etdikdə ondan gözlədiyi cavabı ala bilmir. Bu isə gənclər arasında təbii olaraq müəyyən xaotik mübahisələrə gətirib çıxara bilir. Çünki gənclər verdikləri qərarları, dedikləri sözləri və başqalarının onlar haqqında nə düşündüyünü analiz edərək özlərində müəyyən faktları üzə çıxarırlar. Daxili empatiya vasitəsilə özlərinə bir rahatlıq qazandırırlar. Bəzən isə özlərini tənqid edirlər və bu tənqid qeyri-müəyyənlik yaratdığı üçün məsələ böyüyür, nəticədə psixoloqa müraciət olunur. Bu müraciət təkcə qadın-kişi münasibətləri və ya konkret situasiyalarla bağlı olmur. Bəzi hallarda insan özünə sual verir: “Mən özümlə bacara bilmirəm. Hər sözü düşünürəm, hər sözü analiz edirəm”. Bu isə gün ərzində həm vaxtını alır, həm də sanki ömründən aparır. Sabah açılır və o, yenə də qeyri-müəyyən bir vəziyyətdə qalır. Bu qeyri-müəyyənliyin əsas səbəbi çox zaman insanın özünü tanımağa çalışması ilə bağlı olur. Çünki insan özünü tanımadığı halda, başqasının da onu tanımasına icazə vermək istəmir. İnsan düşüncələrini analiz etdikcə şüuraltının şüura təsir edəcək məqamlarının qarşısını almağa çalışır. Bu proses bəzən elə bir vəziyyətə bənzəyir ki, ana hara gedirsə, onun arxasınca gedən körpə uşaq qəfil gördüyü kiçik bir topun arxasınca qaçmaq istəyir. Bu hallar uzun müddət davam etdikdə bəzən psixoloji sindromlara, özünəqapanmaya və depressiyaya səbəb ola bilər”.